...

Gənclər və İdman Nazirliyi məsələyə aydınlıq gətirib

İdman Materials 2 Dekabr 2013 12:43 (UTC +04:00)
Eyni zamanda özünü Alpinizm Federasiyası kimi təqdim edən bir qrup da eyni gündə Qusarın Ləzə kəndi ərazisindəki təbii qayalarda keçirmək istədiyi tədbiri də draytulinq üzrə respublika kuboku kimi qələmə verir.
Gənclər və İdman Nazirliyi məsələyə aydınlıq gətirib

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Gənclər və İdman Nazirliyi məsələyə aydınlıq gətirib.

Trend-in məlumatına görə, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası dekabrın 14-15-də "ClimbBaku" süni dırmanma Mərkəzində draytulinq üzrə respublika çempionatı keçirəcək.

Eyni zamanda özünü Alpinizm Federasiyası kimi təqdim edən bir qrup da eyni gündə Qusarın Ləzə kəndi ərazisindəki təbii qayalarda keçirmək istədiyi tədbiri də draytulinq üzrə respublika kuboku kimi qələmə verir.

Bir gündə eyni idman növü üzrə iki ayrı qurumun respublika turniri keçirtmək istəməsinə Gənclər və İdman Nazirliyi münasibət bildirib.

Nazirliyin idman şöbəsinin müdiri Mirkamil Rəhimov bildirib ki, eyni vaxtda iki yerdə eyni məzmunlu (draytulinq) çempionatın keçirilməsindən xəbərdar deyillər:

Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyinə yalnız Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) tərəfindən dekabr ayının 14-15-də qapalı məkanda, yəni "ClimbBaku" süni dırmanma Mərkəzində draytulinq üzrə respublika çempionatının keçirilməsi barədə rəsmi sənədlər təqdim olunub və buna da Nazirlik tərəfindən müsbət cavab verilib:

"Alpinizm federasiyası adlandırılan qrupun hansısa yarışın harada və nə vaxt keçirməsi barədə isə Nazirliyə bu günədək heç bir məlumat və ya rəsmi müraciət daxil olmayıb. 2013-cü il üçün təsdiq edilmiş "idman növləri üzrə keçiriləcək yarışların təqvim planı"nda da bu tədbir nəzərdə tutulmayıb. Ona görə də adı çəkilən qrupun hansısa yarışı keçirməsindən xəbərimiz yoxdur" - deyə, nazirlik rəsmisi bildirib.

O, sözlərinə əlavə edib ki, Gənclər və İdman Nazirliyində FAİREX-in draytulinq üzrə keçirəcəyi çempionatla bağlı müzakirələr xeyli müddətdir ki aparılır və onun keçirilməsi haqqında qərar da bir müddət əvvəl qəbul olunub:

"Ona görə də belə ehtimal etmək olar ki, bundan xəbər tutan qısqanclar vəziyyəti qarışdırmaq üçün bu addımı atıblar. Bununla da özünü Alpinizm federasiyası adlandıran qrup dövlətin idman siyasətinə cavabdeh olan qurumu məlumatlandırmadan və müvafiq prosedur qaydalara əməl etmədən keçirdiyi hansısa tədbirə özbaşına olaraq respublika kuboku adı verməklə xoşagəlməz vəziyyət yaradır.

Razılaşdırılmadan keçirilən qeyri-rəsmi bir tədbiri ölkə çempionatı adlandırmaqla, onların qaliblərinə hansısa adlar verməklə özlərini və idmançıları pis vəziyyətdə qoyurlar. Əslində keçirilən turnirin qaliblərini birtərəfli qaydada çempion elan etməklə idmançılarda yalançı ümidlər oyadırlar, onları aldadırlar. Əlbəttə belə bir durumda Nazirlik tərəfindən müəyyən tədbirlər görüləcək".

M.Rəhimov onu da qeyd edib ki, Gənclər və İdman Nazirliyi artıq beynəlxalq yarışların keçirilməsində təcrübə qazanmış FAİREX-ə etimad göstərir və onların razılığı ilə draytulinq üzrə respublika çempionatının standartlara uyğun səviyyədə keçirəcəyindən əmindir.

Məlumat üçün bildirək ki, buzadırmanma idmanının bir növü sayılan draytulinq üzrə çempionat Azərbaycanda ilk dəfə keçirilir.

Ekstremal idman növlərinə aid edilən draytulinqin təbii qayalarda keçirilməsindən dünyanın bir çox yerlərində, o cümlədən Avropanın bir sıra ölkələrində imtina olunub. Çünki bu yarış zamanı qeyri-ənənəvi metodlarla qaya və daşlıqlar ciddi zədələrə məruz qalır, yəni əvvəlcədən qayalar xüsusi avadanlıqla oyulur və həmin oyuqlara bərkidici alətlər vurulur. Məhz bu səbəbdən də, yəni təbiətə vurulan ziyanlardan qaçılması məqsədilə Rusiyanın və Avropanın bir sıra ölkələrinin idman mərkəzlərində draytulinq üçün xüsusi süni guşələr yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti