Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov futbol üzrə Azərbaycan milli komandasının 2013-cü ildə qazandığı uğurları müsbət qiymətləndirib.
E.Məmmədov Trend-ə bildirib ki, milli komandamızın 2013-cü ildə rekord xal qazanmasına baxmayaraq, daha yaxşı nəticə əldə edə bilərdi: "Hesab edirəm ki, milli komandamız, 2013-cü ildə rekord xal qazanmasına və dünya çempionatının seçmə mərhələsi çərçivəsində qrupda 4-cü yer tutmasına baxmayaraq, daha yaxşı nəticə qazana bilərdi".
AFFA-nın baş katibi qeyd edib ki, milli komandamızın 9 xal qazanması Azərbaycan futbol tarixində rekorddur: "Amma təbii ki, hədəfimiz bu deyil. Hədəfimiz daha yuxarı pillələrdə olmaq, növbəti mərhələdə 3-cü yer üçün mübarizə aparmaqdır. Hər seçmə mərhələdə irəliləyiş olduğunu görürük və ümid edirik ki, gələcəkdə də irəliləyiş olacaq".