...

Velosiped idmanının şosse növü üzrə Federasiya Kuboku yarışı keçiriləcək

İdman Materials 21 Mart 2014 21:27 (UTC +04:00)
Martın 22-23-də Xızı rayonunda velosiped idmanının şosse növü üzrə Federasiya Kuboku yarışı keçiriləcək.
Velosiped idmanının şosse növü üzrə Federasiya Kuboku yarışı keçiriləcək

Azərbaycan, Bakı, 21 mart /Trend/

Martın 22-23-də Xızı rayonunda velosiped idmanının şosse növü üzrə Federasiya Kuboku yarışı keçiriləcək. Azərbaycan Velosiped İdmanı Federasiyasının illik təqvim planına əsasən fərdi növlər üzrə təşkil olunacaq yarışda qurumun nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-dən artıq idmançısı iştirak edəcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə daxil olan məlumata görə, proqrama əsasən, martın 22-si, saat 12:00-da startı veriləcək ilk gündə Elit, U-23 və gənclər arasında 26 kilometr (km), U-17 qızlar arasında 15 kilometr, U-15 yaş qrupu üzrə oğlanlar arasında isə 6 kilometr məsafəyə vaxtla fərdi ötüşmədə ən güclülər müəyyənləşəcək.

Martın 23-ü də yarışlar saat 12:00-da start götürəcək. Həmin gün Elit, U-23 və gənclər dağa fərdi ötüşmədə (2x3,5 km), U-17 qızlar isə 3,5 km məsafədə yarışacaqlar. Yarış zamanı Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) qaydaları tətbiq olunacaq.

Yarışın təşkilində əsas məqsəd velosiped idmanının populyarlaşmasına və kütləviliyinə nail olmaq, həmçinin yığma komandalara namizəd velosipedçilərin hazırlıq səviyyəsini yoxlamaqdır.

Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafati ilə təltif ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti