Azərbaycan, Bakı, 3 may /Trend/
Veteran tennisçilərin sağlamlığının möhkəmləndirilməsi, onların fəal idman həyatına cəlb edilməsi və ustalığının qorunub saxlanılması məqsədi ilə Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən veteranlar arasında müxtəlif turnirlər təşkil olunur. Veteran tennisçilər arasında respublika turniri də bu qəbildəndir.
Federasiyadan Trend-ə verilən məlumata görə, mayın 3-də "Olimpik Star" idman əyləncə kompleksində veteran tennisçilər arasında respublika turnirinin açılış mərasimi olmuşdur. Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov tədbiri açaraq ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan bəhs etmiş, veteran tennisçilər arasında respublika turnirinin təşkil edilməsinin bu qayğının nümunəsi olduğunu vurğulamışdır.
Turnirdə iştirak edən veteran tennisçilər ölkəmizdə idmanın inkişafı üçün yaradılan şəraitə, idmana və idmançılara göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Sonra turnirə start verilmişdir. Turnirdə Bakı, Sumqayıt, Gəncə, Şabran, Balakən, Şəki və digər şəhər və rayonları təmsil edən veteran idmançılar iştirak edir. Yarış şəxsi və qoşa dərəcələrdə keçirilir. Yarışlar may ayının 4-də başa çatacaqdır.