Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.Əliyev/
2015-ci ildə Bakıda Birinci Avropa Oyunları ərəfəsində iri sınaq gimnastika turniri keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Avropa Gimnastika İttifaqının (UEG) vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov iyunun 13-15-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, gələn ilin mart ayında gimnastikanın altı növü üzrə sınaq turniri keçiriləcək: "Üstəlik, bunu I Avropa Oyunlarında keçiriləcək sxem üzrə edəcəyik. İndiki turnirə gəlincə, biz Avropa Oyunlarının Təşkilat Komitəsi ilə Olimpiya kəndinin işini yoxlayırıq".
F.Qayıbov qeyd edib ki, bütün nümayində heyəti Olimpiya şəhərciyində yerləşdirmənin keyfiyyətindən məmnun qalıblar: "Olimpiya kəndində 30 ölkənin nümayəndə heyəti qalır. Avropa çempionatı üçün nəzərdə tutulmuş 13 binadan yalnız ikisi istifadə edilir, lakin bu, idmançılar üçün yaradılan şəraitin səviyyəsinə təsir etməyib. Belə ki, bu, istənilən hoteldə yaradılan şəraitdən daha yaxşıdır".
O, idmançılar üçün şəhərciyin əlverişli yerdə olduğunu qeyd edib: "Belə ki, şəhərcik Milli Gimnastika Arenasının qarşısında, tikilməkdə olan stadionun - burada Bakıda I Avropa Oyunlarının açılış mərasimi keçiriləcək - yaxınlığında yerləşir.
Qeyd edək ki, bədii gimnastika üzrə 30-cu yubiley Avropa çempionatı iyunun 13-15-də Milli Gimnastika Arenasında keçiriləcək. Qitənin 33 ölkəsindən 258 idmançı 9 medal dəsti uğrunda mübarizə aparacaq.