...

Dünya Kubokunun II mərhələsində uğurlu çıxış

İdman Materials 23 İyun 2014 03:34 (UTC +04:00)
Fransadakı Eqvebelett gölündə keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunun II mərhələsinə yekun vurulub.
Dünya Kubokunun II mərhələsində uğurlu çıxış

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Fransadakı Eqvebelett gölündə keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunun II mərhələsinə yekun vurulub. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nüfuzlu reqatada Azərbaycanı 5 avarçəkən təmsil edib.

Onlardan Aleksandr Aleksandrov - Boris Yotov dueti yarışı medalla başa vurub. 2 nəfərlik qoşa avarlı qayıqla 2000 metr məsafəyə seçmə yürüşdə onlar finişə 6 dəqiqə 15,970 saniyəyə çataraq, 1-ci olublar. Bu nəticə ilə təmsilçilərimiz birbaşa yarımfinala yüksəlib. Növbəti mərhələdə onlar eyni məsafəni daha tez - 6 dəqiqə 14,000 saniyəyə qət etsələr də, 2-ci olublar. Bununla belə, ilk "3-lüy"ə düşdüyündən, Aleksandrov - Yotov dueti finala adlayıb. Həlledici mərhələdə isə cütlüyümüz ümumi məsafənin 1500 metrlik bölümünü hamıdan öndə keçsə də, son 500 metrlik bölümdə mövqeyini əldən verib və 6 dəqiqə 13,640 saniyə nəticə ilə ikinci yeri tutub. Birinci yer finişə 6 dəqiqə 12,700 saniyəyə çatan Martin Sinkoviç - Valent Sinkoviç (Xorvatiya) duetinə qismət olub. Üçüncü yeri isə Ceyms Makrae - Aleksandr Belonoqov (Avstraliya) dueti tutub.

1 nəfərlik yüngül çəkili qayıqla mübarizə aparan Cavid Əfəndiyevin də çıxışı uğurlu alınıb. O, seçmə yürüşdə 7 dəqiqə 11,210 saniyə nəticə ilə 4-cü yeri tutub. Amma təsəlli yürüşündə avarçəkənimiz finişə 7 dəqiqə 29,740 saniyəyə çataraq, 2-ci olub və yarımfinala yüksəlib. Növbəti mərhələdə Əfəndiyev 7 dəqiqə 8,150 saniyə nəticə ilə 5-ci olaraq, əsas finaldan kənar qalıb. B finalında isə 7 dəqiqə 8,230 saniyə nəticə ilə 2-ci, ümumi sıralamada isə 8-ci olub. Bununla da Əfəndiyev sonuncu yeri tutduğu Avropa çempionatı ilə müqayisədə xeyli yüksək nəticə əldə edib.

Nəhayət, 2 nəfərlik sükansız qayıqla 2000 metr məsafəyə yürüşdə ölkəmizi İqor Luçiç - Luka Corceviç dueti təmsil edib. Onlar seçmə yürüşdə 6 dəqiqə 45,950 saniyə nəticə ilə 5-ci yeri tutublar. Təsəlli yürüşündə finişə 7 dəqiqə 0,360 saniyəyə çatan cütlüyümüz 2-ci yeri tutaraq, yarımfinala vəsiqə qazana bilib. Amma növbəti mərhələdə onlar 7 dəqiqə 3,720 saniyə göstəriciyə ilə 5-ci olublar və əsas finaldan kənarda qalıblar. B finalında isə cütlüyümüz 6 dəqiqə 49,690 saniyə nəticə ilə 5-ci, ümumi sıralamada 11-ci yerlə kifayətlənib.

Qeyd edək ki, cəmi 18 yaşa malik Boris Yotov və 24 yaşlı Aleksandr Aleksandrovdan ibarət duert 30 may - 1 iyunda Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında da son anda liderliyi əldən verərək, gümüş medal qazanıb.

Xəbər lenti

Xəbər lenti