Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir Yelena Kosolapova/
Gimnastika üzrə Azərbaycan yığmasının I Avropa Oyunları çərçivəsində keçiriləcək yarışlarda yüksək yerlər turmaq üçün yaxşı şansı var. Bunu Trend-ə Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında çoxnövçülükdə qızıl medal qazanmış gimnastımız Kristina Pravdina deyib.
Onların sözlərinə görə, I Avropa Oyunları zamanı xeyli sayda medal uğrunda mübarizə gedəcək: "Əgər hər şey istənilən kimi getsə, hər hansı alətdə medal qazana və komanda şəklində olduqca yüksək yerlər uğrunda mübarizə apara bilərik. Ən azından, səkkizliyə daxil olmaq mümkün olacaq. Lakin, necə deyərlər, vaxt göstərəcək... Vaxtından əvvəl proqnoz vermək istəməzdim".
K.Pravdina qeyd edib ki, bu gün keçirilən yarış onda yaxşı təəssüratlar yaradıb: "Əvvəldən mükafatçılar sırasında olacağıma inanırdım, lakin birinci yer mənim üçün xoş sürpriz oldu. Birinci yerə baxmayaraq, çıxışımdan tam razı deyiləm".
Keçirilən çempionatda kimi əsas rəqibi hesab etdiyi ilə bağlı sualı cavablandıran idmançı əlavə edib ki, rəqiblərini çox diqqətlə izləmir: "Yarışlardan sonra videoya baxmağa və çıxışı təhlil etməyə çalışıram. Konkret işim bu olub: çıxış etmək, yoxlamaq və bu səviyyədə özümü necə göstərəcəyimə baxmaq. Bunadək böyük fasiləm olub və yenicə böyük meydançaya qayıdıram".
Onun sözlərinə görə, azərbaycanlı gimnastlar növbəti yarışlarda - martın sonunda Almaniyada keçiriləcək Dünya Kuboku mərhələsində medallar uğrunda mübarizə aparmaq niyyətindədirlər.
K.Pravdina vurğulayıb ki, Bakıda Milli Gimnastika Arenasında çıxış etmək çox rahatdır: "Burada əla meydança var. Belə meydançalar Avropa və dünya çempionatlarında da var. Fikrimcə, belə meydança olimpiadada da mövcuddur, çünki o, bütün standartlara uyğun gəlir".