Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir Yelena Kosolapova/
Azərbaycan şübhəsiz ki, I Avropa Oyunları kimi böyük idman tədbirinin təşkili və keçirilməsinin öhdəsindən uğurla gələcək. Bunu Trend-ə Avropa Gimnastika İttifaqının kişi idman gimnastikası üzrə texniki komitəsinin prezidenti israilli Yakob Vişnia deyib.
Onun sözlərinə görə, Azərbaycan Avropa Oyunları üçün sınaq turniri sayılan gimnastika növləri üzrə birgə açıq ölkə çempionatının təşkilinin öhdəsindən uğurla gəldi: "Hərçənd eyni vaxtda 6 növ üzrə yarışları özündə birləşdirən belə böyük tədbiri təşkil etmək çox çətindir. Ümumilikdə çempionat çox yaxşı təşkil edilib. Əlbəttə ki, Oyunlaradək aradan qaldırılmalı kiçik məqamlar var. Məhz bunun üçün buradayıq. Əminəm ki, Oyunların başlamasına qədər - 3 ay ərzində aşkar etdiyimiz bütün bu məqamlar aradan qaldırılacaq".
Y.Vişnia qeyd edib ki, hər bir ölkə Bakıda tikilən belə gimnastika arenasına sahib olmaq istəyir: "Şadam ki, Azərbaycan belə möhtəşəm idman obyekti inşa edə bilib. Əminəm ki, bu, gələcəkdə əla nəticələr verəcək, çünki belə obyektlər karyerada irəliləməyə böyük motivasiya verir".
O bildirib ki, son illər azərbaycanlı gimnastlar təkcə bədii gimnastikada deyil, idman gimnastikasında da böyük uğurlar qazanıblar. Dünən kişilər arasında idman gimnastikası yarışlarında gördüyümə görə çox yaxşı 3-4 idmançı var. Əminəm ki, gələcək Avropa Oyunlarında və apreldə Monpelyedəki Avropa çempionatında azərbaycanlı gimnastlar finalda olacaqlar. Dünən gördüyümə görə iki gimnast həqiqətən də yüksək səviyyədədir. Onlar finala yüksələrək medal əldə edə bilərlər. İdmançıların yüksək hazırlığı Azərbaycanda gimnastika üzrə yaxşı məşqçilərin olmasından xəbər verir".