Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyədə "Fənərbaxça" futbol komandasının avtobusuna silahlı hücumda şübhəli bilinən 2 şəxs saxlanılıb.
Trend-in "TRT Haber"ə istinadən verdiyi məlumata görə, silahlı hücumda şübhəli bilinən şəxslər Trabzon vilayətində saxlanılıblar. Aprelin 5-də "Fənərbaxça" klubunun futbolçuları olan avtobus "Rizəspor" klubu ilə (5:1) səfər görüşündən qayıdarkən silahlı şəxslərin hücumuna məruz qalıb.
İnsidentin Trabzon şəhərində aeroport yolunda baş verdiyi deyilir. Naməlum şəxslər avtobusu odlu silahlardan atəşə tutublar, nəticədə sürücü yaralanıb.
Bu hadisədən sonra Türkiyə çempionatının bütün oyunları bir həftəlik təxirə salınıb.