Azərbaycan, Bakı, 27 aprel /Trend/
Kayak və kanoe üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın kayak və kanoe üzrə milli komandasının mayın 1-də Çexiyanın Raçitse şəhərində start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb. Üç gün davam edəcək yarışda ölkəmizi 6 idmançı təmsil edəcək.
Kanoeçilərin mübarizəsində 4 qat dünya və Avropa çempionu Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) yalnız 200 metr məsafəyə yürüşlərə qatılacaq. Bundan başqa, Anatoli Melnik 1 nəfərlik qayıqla (C-1) 500 metr və 1000 metr məsafələrə yürüş edəcək. Aleksey Kupinlə Avropa çempionu Sergey Bezqlıydan ibarət duet isə 2 nəfərlik qayıqla (C-2) 500 metr və 1000 metr məsafələrə yürüşlərdə yer alacaq.
Kayakçılara gəldikdə, əsas diqqətlər olimpiya çempionu İnna Osipenko-Radomskayanın Azərbaycan yığmasının heyətində ilk böyük yarışdakı çıxışına yönələcək. O, 33 yaşlı idmançı qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 200, 500 və 5000 metr məsafələrə yürüşlərə qatılacaq. İstedadlı kayakçı Mirnazim Cavadov isə kişilərin yarışında 1 nəfərlik qayıqla (K-1) 200 və 500 metr məsafələrə yürüş edəcək.
Kayak və kanoeçilər baş məşqçi Aleksandr Kolıbelnikov, eləcə də Anatoli Dudnik və Dmitri Radomskinin rəhbərliyi altında mübarizə aparacaqlar. Yığmanın tərkibi aprelin 3-5-də də Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilmiş Beynəlxalq Prezident Kuboku reqatasının yekunlarına əsasən müəyyənləşdirilib. Həmin reqatanın ardından milli komanda elə Mingəçevirdə təlim-məşq toplantısı keçirib. Aprelin 28-də səfərə çıxacaq nümayəndə heyətinə Azərbaycan Milli Avarçəkmə Federasiyasının icraçı direktoru Rövşən Kərimov rəhbərlik edəcək.
Qeyd edək ki, Çexiyadakı qitə çempionatı "Bakı 2015" I Avropa Oyunları öncəsi ilk ciddi sınaq olacaq. Oyunlar zamanı kayak və kanoe yarışları 14 - 16 iyunda keçiriləcək.