...

Güləşçilərimiz medal uğrunda mübarizə aparacaqlar

İdman Materials 16 Avqust 2015 01:03 (UTC +04:00)
Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir
Güləşçilərimiz medal uğrunda mübarizə aparacaqlar

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən xəbərə görə, Sərbəst güləşçilərin yarışında böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Arif Hüseynov (50 kq), Mahir Əmiraslanov (55 kq), Cahid Həsənzadə (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (84 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) iştirak edir.

Çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəkidə güləşçilər yarışıb.

50 kq çəkidə mübarizə aparan Arif Hüseynov Yaponiya və Qırğızıstan güləşçilərinə qalib gəlsə də, yarımfinalda İran güləşçisi ilə gərgin keçən görüşdə məğlub olub. Təmsilçimiz bürünc medal uğrunda həlledici görüşə çıxacaq.

60 kq-da yığmamızın üzvü Cahid Həsənzadə ilk görüşdə Ermənistan təmsilçisini vaxtından əvvəl məğlub edib. Ardıcna Ukrayna və Belarus güləşçilərini də üstələyən təmsilçimiz yarımfinalda İranlı rəqibinə uduzub. Cahid bürünc medal uğrunda görüşə çıxacaq.

96 kq-da mübarizə aparan Nurməhəmməd Hacıyev finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Rusiya, Finlandiya və Qazaxstan təmsilçiləri üzərində qələbə güləşçimizi finala yüksəldib. Həlledici görüşdə rəqib İran təmsilçisi olacaq.

Final görüşləri Bakı vaxtı ilə 16 avqust, saat 02:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti