...

Bakıda "Olympic Moves" proqramının final mərhələsinin açılış mərasimi keçirilib (FOTO)

İdman Materials 26 Aprel 2016 14:32 (UTC +04:00)
Bakı İdman Sarayında Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Olympic Moves” məktəblilərin kütləvi idman proqramının final mərhələsinin açılış mərasimi keçirilib.
Bakıda "Olympic Moves" proqramının final mərhələsinin açılış mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Bakı İdman Sarayında Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan "Coca-Cola" şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən "Olympic Moves" məktəblilərin kütləvi idman proqramının final mərhələsinin açılış mərasimi keçirilib.

"Olympic Moves" proqramının əsas məqsədi "Bakı 2015" Avropa Oyunlarının sosial və idman irsini davam etdirərək məktəblilər arasında yüngül atletika, velosiped idmanı, basketbol 3x3 və badminton idman növləri üzrə məktəb və şəhər yarışları keçirməklə şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, həmçinin Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir.

600-ə yaxın məktəblinin paradı ilə açıq elan olunan final mərhələsinə 1 500-dən çox izləyici qatılıb. Tədbirdə "Bir" könüllülərinin dəstəyi ilə "Olympic Moves" proqramının rəsmi loqosu nümayiş etdirilib və Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb. Tədbir dövlət himninin səsləndirilməsi ilə davam edib.

Azərbaycanda ilk dəfə keçirilmiş bu irimiqyaslı layihə haqqında ətraflı məlumat və video-çarx təqdim olunduqdan sonra gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, təhsil nazirinin müavini Firudin Qurbanov, "Coca-Cola" şirkətinin baş direktoru Erdinç Güzel və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək layihə haqqında təəssüratları ilə bölüşüblər və məktəblilərə final mərhələsində uğurlar arzulayıblar.

Proqramın əhəmiyyətindən və ölkə rəhbərliyinin idmana göstərdiyi qayğıdan danışan Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qeyd edib: "Ölkədə digər sahələr olduğu kimi idman sektoru da sürətlə inkişaf edir. Hər il Azərbaycanda çoxsaylı beynəlxalq idman tədbirləri təşkil olunur və idmançılarımız hər zaman müxtəlif yarışlarda onlara göstərilən etimadı doğruldur. Keçirilən hər bir yarışın əhəmiyyəti bizim üçün böyükdür. Həm ölkəmizin təbliği, həm də idmanın kütləviliyinin artırılması üçün bu, vacib amildir. "Olympic Moves" proqramı ölkəmizdə idmana və sağlam həyat tərzinə əhali arasında marağın artmasına səbəb olan yaxşı bir stimuldur. Məhz bu proqramın gənclərin gələcəkdə çalışdığı sahədən asılı olmayaraq sağlam böyüməsinə şərait yaradacığına inanırıq. Bu vacib proqrama dəstək göstərən hər bir tərəfdaşa ayrıca təşəkkürümü bildirirəm".

Öz növbəsində çıxış edərək Təhsil Nazirliyi adından hər kəsi salamlayan nazir müavini Firudin Qurbanov bildirib: "50 mindən artıq məktəblinin iştirak etdiyi "Olympic Moves" proqramı məktəblilərin inkişafında böyük əhəmiyyətə malikdir. Onlardan 10 minə yaxını rayon birinciliklərində iştirak etmiş və 600-dək məktəblinin Bakı finalında iştirakı gözlənilir. "Olympic Moves" layihəsinin qısa müddət ərzində uğurla icra olunduğu kimi, qeyd edilən layihənin köməyi ilə də mövcud problemlərin aradan qaldırılmasına əminik".

Açılış mərasimində çıxış edən "Coca-Cola" şirkətinin baş direktoru Erdinç Güzel vurğulayıb: ""Coca-Cola" hər zaman fəaliyyət göstərdiyi ölkələrin inkişafı üçün müxtəlif layihələr həyata keçirir. Bizim üçün insanların sağlamlığı və xoşbəxtliyi hər şeydən önəmlidir. Məhz buna görə, 2015-ci ildən etibarən Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi ilə birgə məktəblilərin kütləvi idman tədbiri olan "Olympic Moves" proqramına start verdik. Beynəlxalq Olimpiya Komitəsi ilə birgə ilk dəfə 2003-cü ildə Hollandiyada başlatdığımız bu proqrama beşinci ölkə qismində Azərbaycanın qoşulması qürurverici bir haldır. "Olympic Moves" uşaqların daim hərəkətli olmasını təmin edir ki, bu da "Coca-Cola"nın daha sağlam, xoşbəxt və fəal cəmiyyət prinsipini özündə təcəssüm etdirir. Qeyd olunduğu kimi bu il proqram yalnız Bakıda yerləşən məktəblərin 50 mindən çox şagirdini fiziki fəallığa cəlb edib. Gələn ildən etibarən tərəfdaşlarımızla birgə ölkənin əksər şəhər və rayonlarının proqrama qoşulmasını planlaşdırırıq ki, bu da iştirakçıların sayının iki dəfəyədək artmasına imkan verəcək".

"Azərbaycanda Olimpiya Hərəkatı və sağlam həyat tərzinin təşviq olunması artıq uzun illərdir uğurla davam etdirilir. "Olympic Moves" layihəsinin həyata keçirilməsi də öz növbəsində bunun göstəricisidir. 4 idman növünü birləşdirən bu layihədə "Coca-Cola" şirkəti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, həmçinin müvafiq idman federasiyalarına əməkdaşlığa görə minnətdaram və proqramın gələcək fəaliyyətində uğurlar arzu edirəm", - deyə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib və proqramın final mərhələsini açıq elan edib.

Tədbirin gedişində "Bakı 2015" Avropa Oyunlarının iştirakçıları və proqramın ulduz elçiləri Amil Həmzəyev (basketbol), Aqşin İsmayılov (velosiped idmanı), Nazim Babayev (yüngül atletika) və digər idmançılar açılış mərasimində iştirak edərək "Olympic Moves" layihəsinin məktəblilərdə müvafiq idman növlərinə sağlam və aktiv həyat tərzinə marağın artmasına gətirdiyini bildirdilər.

Açılış mərasimi çərçivəsində təşkil olunan musiqili əyləncə proqramından sonra basketbol 3x3 və badminton yarışlarına start verilib.

"Olympic Moves" proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayıb. 4 idman növü üzrə məktəbdaxili yarışlar ilə başlayan proqram Bakı rayon yarışları ilə davam edib və aprelin 28-də Bakı İdman Sarayında təşkil olunacaq idman festivalı ilə başa çatacaq.

Məktəblilərin "Olympic Moves" idman proqramının əsası 2003-cü ildə "Coca-Cola" və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulub. Proqram uşaqların daim hərəkətli olmasını təbliğ edir ki, bu da "Coca-Cola"nın daha sağlam, xoşbəxt və fəal cəmiyyət prinsipini özündə təcəssüm etdirir. "Olympic Moves" proqramı məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına yardım edəcək və Azərbaycanda idmanın inkişafına öz töhfəsini verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti