...

Azərbaycan gimnastı azarkeşləri milli komandanı dəstəkləməyə çağırıb (FOTO)

İdman Materials 17 Fevral 2017 11:49 (UTC +04:00)
Bütün azarkeşləri batut gimnastikası və tamblinq üzrə Dünya kubokuna gəlib bizi dəstəkləməyə çağırıram
Azərbaycan gimnastı azarkeşləri milli komandanı dəstəkləməyə çağırıb (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bütün azarkeşləri batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna gəlib bizi dəstəkləməyə çağırıram.

Bu sözləri Trend-ə azərbaycanlı gimnast Mixail Malkin deyib.

M.Malkin bildirib ki, o yarışlara uzun müddət və çox ciddi hazırlaşıb və Stavropolda təlim-məşqlərdə olub.

M.Malkin öz proqramını çətinləşdirdiyini deyib: “Əgər mən bütün kombinasiyaları stabil keçsəm, yüksək yerlər uğrunda mübarizə aparmaq olar. Bütün azarkeşləri bizə azarkeşlik etməyə, komandamıza inanmağa çağırıram. Ümumilikdə, mən əminəm ki, Bakıdakı Dünya Kuboku əla keçəcək”.

O qeyd edib ki, Dünya Kubokunun Bakı mərhələsindən sonra daha bir mərhələ keçiriləcək və Azərbaycan bu yarışda da iştirak edəcək: “Biz çalışacağıq ki, bu yarışda yaxşı iştirak edək. Sonra isə biz noyabrda Bolqarıstanda keçiriləcək dünya çempionatına hazırlaşacağıq”.

Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının yeni Olimpiya dövründə batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kuboku 18 və 19 fevral tarixlərində Bakıda Milli Gimnastika Arenasında baş tutacaq.

15 ölkədən paytaxtımıza təşrif buyuracaq 85 nəfər batutçu və tamblinqçi iki yarış günü ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə apararaq öz qüvvələrini sınayacaq. Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Azərbaycanı batut üzərində fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edəcək.

Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku Bakıda artıq ikinci dəfədir təşkil olunur. Bu il isə tamblinq üzrə bu qəbildən olan yarışların ölkəmizdə debütüdür. Yüksək səviyyəli təşkilatçılığı ilə hər zaman fərqlənən gimnastika yarışları bu dəfə də bir çox yenilikləri ilə yadda qalacağını vəd edir.

Tamaşaçılar havada pərvazlanan ulduz batutçu və tamblinqçilərin təqdimatında maraqlı mübarizənin şahidi olmaqla yanaşı, əyləncəli müsabiqələr və fleşmoblarda da iştirak edə biləcəklər.

Məşhur kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçısı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçular arasında Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) yer alacaq.

Tamblinq cığırında isə kişilər arasında dünya çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar öz məharətlərini nümayiş etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti