Bakı. Elçin Mehdiyev – Trend:
Ailəmlə birgə Bakıya Formula 1 yarışlarını izləməyə gəlmişəm. Yarışın təşkilatçılığı yüksək səviyyədədir.
Bunu Trend-ə xarici qonaq İqor Leonenko deyib.
O bildirib ki, Formula 1 yarışını çoxdan izləyir:
“Formula 1-ə baxmaq üçün Bakıya birinci dəfədir ki, gəlirik. Biz Formula 1 yarışını çoxdan izləyirik və çox istədik ki, bu yarışın Bakıda necə keçirilməsini də gəlib görək”.
Xarici qonaq Bakını çox bəyəndiyini deyib: “Bakı çox xoşumuza gəldi, çox gözəl şəhərdir”.
İ.Leonenko hesab edir ki, Formula 1 yarışı ölkənin dünyada təbliği üçün mühüm rol oynayır:
“Əlbəttə, Formula 1 yarışlarının ev sahibliyi edən ölkə üçün böyük əhəmiyyəti var. Dünyada ölkə təbliğ olunur, Formula 1 yarışına görə gələnlər şəhəri görürlər və yenə bura gəlmək istəyirlər”.
Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.
Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.