Bakı. Trend:
İyulun 14-dən başlayaraq RF Tatarıstanın Kazan şəhərində YUNESKO-nun Bədən tərbiyəsi və idman üzrə nazirlərin və yüksək vəzifəli məmurların növbəti Beynəlxalq konfransı (MINEPS VI) öz işinə start verir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iki gün davam edəcək konfransda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Konfransın əsas məqsədi idman sahəsində beynəlxalq tendensiyaların qiymətləndirilməsi, bədən tərbiyəsi və idman sahəsində beynəlxalq strategiyalar üçün mexanizmlərin hazırlanmasıdır ki, onlar gələcəkdə idman siyasətinin reallaşmasında məsul dövlət orqanları və idman təşkilatları üçün əsas istiqamət rolunu oynayacaq. Konfransda, həmçinin Kazan Bəyannaməsinin müzakirə olunub qəbul edilməsi planlaşdırılır.
Konfransda YUNESKO-ya üzv 196 ölkənin bədən tərbiyəsi və idman sahəsinə məsul rəhbərlərinin və nazirlərinin, həmçinin dövlət, beynəlxalq, qeyri-hökumət və elmi idman təşkilatlarının nümayəndələrinin və ekspertlərinin iştirakı gözlənilir.
Konfrans çərçivəsində A.Rəhimovun çıxışı nəzərdə tutulur. Çıxışı zamanı nazir hər bir şəxsin, istər təhsil, istərsə də digər sahələrdə, cəmiyyətdə inkişafında, sağlam nəslin formalaşmasında idmanın müstəsna rolundan, bununla yanaşı, Azərbaycanın idman uğurlarından və hazırda bu istiqamətdə görülən işlərdən, ölkəmizin 2015-ci il I Avropa Oyunları, Formula 1 Qran Pri turniri, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları və digər mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi etməsindən, oyunlar zamanı ölkəyə olan turist axınından, ölkədə fəaliyyət göstərən idman qurğularından, eyni zamanda, həyata keçirilməsi nəzərdə tutulan iri layihələr barədə məlumat verəcək.
Qeyd edək ki, beynəlxalq konfrans YUNESKO-nun Bədən tərbiyəsi və idman üzrə Hökumətlərarası Komitəsi, Beynəlxalq Olimpiya Komitəsi, Beynəlxalq Paralimpiya Komitəsi, Hər kəs üçün İdman Beynəlxalq Assosiasiyası, Bədən tərbiyəsi və İdman Beynəlxalq Şurası və Rusiya Federasiyasının İdman Nazirliyi ilə birgə təşkil olunur.