...

Bolqarıstan Taekvondo Federasiyası: Azərbaycanla əməkdaşlığı genişləndirilməkdə maraqlıyıq (FOTO)

İdman Materials 31 İyul 2017 11:55 (UTC +04:00)
Taekvondo üzrə uşaqlardan ibarət yığma komandamızın üzvləri Azərbaycanın Bolqarıstandakı səfirliyində olublar.
Bolqarıstan Taekvondo Federasiyası: Azərbaycanla əməkdaşlığı genişləndirilməkdə maraqlıyıq (FOTO)

Bakı. Trend:

Taekvondo üzrə uşaqlardan ibarət yığma komandamızın üzvləri Azərbaycanın Bolqarıstandakı səfirliyində olublar.

Səfirlikdən Trend-ə verilən məlumata görə, taekvondo üzrə uşaqlardan ibarət yığma komandamızın üzvləri və komandanın baş və böyük məşqçiləri Səbuhi Zülfüqarov və Sənan Həşimov Erasmus+ proqramı çərçivəsində “Ci Do Kvan (Ji Do Kwan) – “Təmiz düşüncə yolu – Gənc işçilər və könüllülər idmanda” layihəsi ilə əlaqədar Bolqarıstana səfər ediblər. 21-28 iyul tarixlərində gənc idmançılar Bolqarıstanın qış kurortlarından olan Bansko şəhərində təşkil olunmuş beynəlxalq təlim düşərgəsində iştirak ediblər.

Azərbaycanın Bolqarıstandakı səfirliyində düşərgədə iştirak edən gənc idmançılarla görüş keçirilib. Görüşdə həmçinin, Bolqarıstan Taekvondo Federasiyasının Layihələr departamentinin rəhbəri Nikolay Qlavçev də iştirak edib. Görüşdə səfir Nərgiz Qurbanova gənc idmançılara səfirliyin fəaliyyəti, Bolqarıstan-Azərbaycan münasibətləri barədə qısa məlumat verib. Səfir gənc idmançıların düşərgə çərçivəsində fəaliyyəti, ölkə barədə təəssüratları ilə maraqlanıb.

Azərbaycanda idman sahəsinə xüsusi diqqətdən bəhs edən N.Qurbanova son illər ölkəmizin Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Ümumdünya Şahmat Olimpiadası, “Avropa Qran Pri Bakı” Formula 1 yarışlarına ev sahibliyi etməsindən söz açıb. Bolqarıstan ilə Azərbaycan arasında idman sahəsində əməkdaşlıq səviyyəsindən məmnunluğunu bildirən səfir Azərbaycanın bədii gimnastika üzrə milli komandasının baş məşqçisinin bolqar mütəxəssis olduğunu bildirib, 12-22 may tarixində Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında bolqar əsilli 21 yaşlı Elis Manolovanın Azərbaycanı təmsil edərək qızıl medala layiq görüldüyünü əlavə edib.

Görüşdə həmçinin, Bolqarıstan Taekvondo Federasiyasının Layihələr departamentinin rəhbəri Nikolay Qlavçev ilə Azərbaycan və Bolqarıstan Taekvondo federasiyaları arasında əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. N.Qlavçev yuxarıda qeyd olunan layihənin davamı olaraq, Bolqarıstanın taekvondo üzrə uşaqlardan ibarət yığma komandasının üzvlərinin Azərbaycana səfərinin gözlənildiyini bildirib və Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Həmçinin, tərəflər yaxın zamanlarda Azərbaycan Taekvondo Federasiya ilə Bolqarıstan Taekvondo Federasiyası arasında Əməkdaşlıq haqqında Sazişin imzalanması perspektivi ilə bağlı müzakirələr aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti