...

"Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadası"nın açılışı olub (FOTO)

İdman Materials 14 Sentyabr 2017 10:50 (UTC +04:00)
"Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadası"nın açılışı olub.
"Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadası"nın açılışı olub (FOTO)

Bakı. Trend:

Qaradağ Təlim-İdman Bazasında “Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadası”nın açılış mərasimi olub.

Qaradağ rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, açılış mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, Milli Məclisinin deputatı Aydın Hüseynov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emin Abbasov və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Olimpiya və Dünya çempionları iştirak ediblər.

Spartakiadanın baş hakimi Hicran Şərifov təşkilat komitəsinin rəhbərinə raport verdikdən sonra çıxış edən SOCAR prezidenti R.Abdullayev idmançıları bu möhtəşəm idman bayramı münasibəti ilə təbrik edərək bildirib ki, respublikada bədən tərbiyəsi və idmana olan dövlət qayğısı gündən-günə artmaqdadır. Bunun sayəsində Azərbaycan idmanı artıq yüksək inkişaf səviyyəsinə çatıb. Xalqımızın Ümummilli lideri Heydər Əliyev ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın da inkişafını daim diqqət mərkəzində saxlamış, kütləvi idman növlərinin geniş yayılmasına diqqət və qayğı göstərmişdir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev bu gün ölkəmizdə idmanın və idmançıların ən böyük himayəçisidir. R.Abdullayev dövlətin idman siyasətinin həyata keçirilməsində SOCAR-ın daim fəallıq göstərməsindən söz açıb və Spartakiada iştirakçılarının sayının ilbəil artmasının sevindirici hal olduğunu bildirib. Qeyd olunub ki, Neft zəhmətkeşlərinin builki idman yarışlarında 14 idman növü üzrə mübarizə aparan 31 komandanın tərkibində 1238 nəfər iştirak edir ki, onlardan da 201-i qadındır. Çıxışının sonunda R.Abdullayev Spartakiada iştirakçılarını bir daha təbrik edib və yarışlarda onlara uğurlar arzulayıb.

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, veteran neftçi Zaməddin Həmşəyev Azərbaycanda idmanın inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən söz açıblar. Bildiriblər ki, paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən müasir olimpiya idman kompleksləri tikilir və bu komplekslərdə yüksək səviyyəli idmançılar hazırlanır. Keçirilən ənənəvi Spartakiadanın ölkə idmanı üçün əhəmiyyətini vurğulayaraq, ölkədə bədən tərbiyəsinin və idmanın inkişafında və eyni zamanda, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsində neftçilərin xüsusi rolu olduğu qeyd olunub. Sonra idmançıların nümunəvi çıxışları olub.

Tədbirin sonunda mədəniyyət və incəsənət xadimləri idmançılar qarşısında çıxış ediblər.

Sentyabrın 11-də start götürmüş Spartakiadaya ayın 17-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti