...

Güləşçilərimiz ötən il 94 qızıl, 69 gümüş, 131 bürünc medal qazanıb

İdman Materials 5 Yanvar 2018 13:55 (UTC +04:00)
Yola saldığımız 2017-ci il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləşçilərimiz ötən il 94 qızıl, 69 gümüş, 131 bürünc medal qazanıb

Bakı. Trend:

Yola saldığımız 2017-ci il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub. Yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər əldə ediblər.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yığma komandalarımızın üzvləri 2017-ci ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda - Avropa və dünya çempionatları və IV İslam Həmrəyliyi Oyunlarında 33 qızıl, 29 gümüş, 37 bürünc olmaqla toplam 99 medal qazanıb. Son 9 ilə nəzər saldıqda rəsmi yarışlarda güləşçilərimizin nailiyyətlərinin artan templə davam etdiyini görürük. Belə ki, 2009-cu ildə 47, 2010-cu ildə 66, 2011-ci ildə 67, 2012-ci ildə 71, 2013-cü ildə 70, 2014-cü ildə 65, 2015-ci ildə 82 medal, 2016-cı ildə isə 86 medal qazanılıb.

Böyüklər

İlin əvvəlində Dünya Kuboku yarışlarına qatılan sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız ənənəyə sadiq qalaraq ilk üçlükdə qərarlaşıb. İran İslam Respublikasında keçirilən yarışları yunan-Roma güləşçilərimiz ikinci, sərbəst güləşçilərimiz isə üçüncü sırada başa vurub.

Serbiyanın Novı Sad şəhərində keçirilən Avropa çempionatında 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan güləşçilərimiz ili uğurla başlayıb. Sərbəst və qadın güləşçilərimiz komanda hesabında 2-ci nəticə göstərib.

Paytaxtımızda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarını güləşçilərimiz 12 qızıl, 6 gümüş və 5 bürünc medalla başa vurublar.

Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatını da güləşçilərimiz üçün uğurlu hesab etmək olar. Yığmalarımız çempionatı 1 qızıl və 2 bürünc medalla başa vursa da, sərbəst güləşçi Hacı Əliyevin üçüncü dəfə dünya çempionu adını qazanması ilə güləş tariximizdə yeni səhifə yazılıb.

Litvanın Klaypeda şəhərində keçirilən hərbçilərin dünya çempionatını pəhləvanlarımız 2 qızıl, 3 gümüş və 6 bürünc medalla tamamlayıblar. Sərbəst güləşçilərimiz komanda hesabında dünya üçüncüsü olub.

U-23

Macarıstanın Sombathey şəhərində keçirilən 23 yaşa qədər güləşçilərin (U-23) Avropa çempionatını komandamız 5 qızıl, 1 gümüş və 5 bürünc medalla tamamlayıb. Medal əyarına görə yunan-Roma güləşçilərimiz 3 qızıl medalla çempionatı birinci sırada tamamlayıb, komanda hesabında isə yığmamız Avropa üçüncüsü olub.

Polşanın Bıdqoş şəhərində tarixdə ilk dəfə keçirilən 23 yaşa qədər güləşçilərin dünya çempionatında isə yığmalarımız 5 bürünc medal qazanıb.

Gənclər

Almaniyanın Dortmund şəhərində keçirilən Avropa çempionatında pəhləvanlarımız ümumilikdə 3 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olublar. Sərbəst güləşçilərimiz komanda hesabında 2-ci nəticə göstərib.

Finlandiyanın Tampere şəhərində keçirilən dünya çempionatında Azərbaycan yığması 1 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıb.

Yeniyetmələr

2017-ci il yeniyetmə güləşçilərimiz üçün də uğurlu olub. Belə ki, pəhləvanlarımız Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində təşkil edilən Avropa çempionatında 10 (4 qızıl, 3 gümüş və 3 bürünc) medal qazanıblar. 2016-cı ildə olduğu kimi, ötən il də sərbəst güləşçilərimiz komanda hesabında ikinci olub.

Yunanıstanın paytaxtı Afinada keçirilən dünya çempionatında da güləşçilərimiz 10 (3 qızıl, 5 gümüş və 2 bürünc) medal qazanıblar. Komanda hesabında isə sərbəst güləşçilər 3-cü nəticə göstərib.

Bundan başqa, yığma komandalarımız 2017-ci ildə iştirak etdikləri digər beynəlxalq turnirlərdə 195 medal qazanıb. Bu medalların 61-nin əyarı qızıl, 40-ı gümüş və 94-nün əyarı isə bürünc olub.

Beləliklə, 2017-ci il ərzində güləşçilərimiz 294 (94 qızıl, 69 gümüş, 131 bürünc) medal qazanıb. Bu medallardan 136-sı yeniyetmə, 51-i gənc güləşçilərin payına düşür. U-23 Avropa və dünya çempionatlarında 16 medal qazanan güləşçilərimiz böyüklərin yarışında isə il ərzində 91 medala sahib olub. İl ərzində əldə etdiyimiz medalların 156-nı sərbəst, 102-ni yunan-Roma güləşçiləri qazanıb, 36 medal isə qadın güləşçilərin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti