Bakı. Trend:
Məqsəd komandanı daha yaxşı hazırlamaqdır. Trend-in məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya şəhərində təşkil olunmuş brifinqdə deyib.
Q.Qurbanov vurğulayıb ki, milli komandada məsuliyyət daha böyükdür: "Hamı kimi mən də bunu ilk gündən hiss elədim. Diqqətli olmalıyam və az müddətdə futbolçulara nə istədiyimi izah etməliyəm. Milliyə gələnlər peşəkardırlar və bilirik ki, fikrimiz ancaq burada olmalıdır. Bütün oyunçuları tanıyırıq, güvənirik. İstərdik ki, uğurlu start verək, amma dediyim kimi, bir oyun çox azdır. Sabahkı oyunda düşündüklərimizi meydanda tətbiq etmək istəyirik. Moldova yığmasının Cənubi Koreya millisi ilə oyununun ilk hissəsinə baxdım. Onların əsas üstünlüyü artıq bir yerdə oyun keçirmiş olmalarıdır. Əsas vacib olan oyunçuların meydandakı düşüncələridir".
Baş məşqçi bildirib ki, məqsəd nəticəyə gedən yolda komandanı daha yaxşı hazırlamaqdır.
Qeyd edək ki, bu gün millimiz 2018-ci ildə ilk oyununa çıxacaq. Komandamız Antalya şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək.