...

2018 Formula 1 Azərbaycan Qran Prisi barədə pilotların təəssüratları

İdman Materials 26 Aprel 2018 14:40 (UTC +04:00)
Həyəcan dolu Çin Qran Prisindən sonra Formula 1 mövsümün dördüncü yarışı üçün möhtəşəm Bakı Şəhər Halqasındadır.
2018 Formula 1 Azərbaycan Qran Prisi barədə pilotların təəssüratları

Bakı. Elçin Mehdiyev - Trend:

Həyəcan dolu Çin Qran Prisindən sonra Formula 1 mövsümün dördüncü yarışı üçün möhtəşəm Bakı Şəhər Halqasındadır.

Trend-in məlumatına görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 2018 Formula 1 Azərbaycan Qran Prisi barədə yarışa qatılacaq pilotların təəssüratlarını təqdim edib.

Red Bull komandasının pilotu Daniel Rikkardo Monako və Sinqapurdan fərqli olaraq Bakı trekində ötmə üçün daha çox imkan olduğu qənaətindədir: "Ən böyük çətinlik tormozlamaqdır. Əyləc nöqtələrinin sayı çoxdur, səhv etmək yolverilməzdir. Bakıda yarışmağın çətinliyi əyləc limitini tapmaqdır. Ötən il Azərbaycan Qran Prisində baş verənlər bir çoxları üçün ağlasığmaz idi. Keçən həftə Şanxayda olduğu kimi komandanın möhtəşəm strategiyası var idi. Yarışın qalibi olacağım ağlıma belə gəlməzdi, amma rəqiblərimin hamısını ötüb keçirdim. Finiş xəttini keçəndə yarışı qələbə ilə başa vurmağıma inana bilmirdim. Gərgin, əyləncəli və unudulmaz bir yarış idi”.

Komandanın digər pilotu Maks Ferstappen keçən mövsümün onun üçün uğurlu olmadığını desə də, bu il qaçırdığı fürsəti dəyərləndirəcəyinə ümid edir: "Bolid əla vəziyyətdə idi, mən isə bir sıra problemlərlə üzləşdim. Podium, hətta bəlkə də qələbə qazanmaq fürsətini əldən qaçırdım. Bolidimizə tam uyğun gəlməsə də Bakı trekini bəyənirəm. Düz yol çox uzun olduğu üçün orada bir az vaxt itiririk. İçərişəhərdən keçən dar döngə televizordan möhtəşəm görünsə də elə dəqiqliklə dönməlisən ki, heç bir səhvə yol verməyəsən”.

Yarışda iştirak edən digər bir komanda Sauber-in pilotu Markus Eriksson da öz təəsüratlarını bölüşüb:

“Azərbaycan Qran Prisi mövsümün ilk şəhər yarışı olacaq. Trekin özəlliyi Qala Divarlarının yanından keçən dar döngədir. Burada pilot olduqca diqqətli olmalıdır. Digər çətin məsələ bolidi trekin tələblərinə uyğunlaşdırmaqdır. Təkərin quraşdırılması əsas faktordur, çünki yarış vaxtı təkərlərin deqradasiya riski yüksəkdir. Yarışı səbirsizliklə gözləyirəm”.

Komandanın digər pilotu Şarl Lekler keçən il Formula 2 çempionatında yarışdığı üçün artıq Bakı Şəhər Halqasına bələd olduğunu deyib: "Şəhər treklərini xüsusilə sevirəm. Yarış ab-havası olduqca gözəldir, İçərişəhər və Qala Divarları isə füsunkar görüntüyə sahibdir.

Sərbəst yürüşlər zamanı təkərlərin performansını müşahidə edəcəyik. Bu, doğru seçim etməyimiz və yarışda yüksək performans göstərməyimiz üçün vacib mərhələdir”.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi 2018-ci il aprelin 27-dən 29-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti