...

Pley-off mərhələsi: Maraqlı oyunlar və favoritlərin qələbəsi (FOTO)

İdman Materials 7 May 2018 16:37 (UTC +04:00)
Həftəsonu ABL yaz kuboku 2017/18 turnirində pley-off mərhələsinin oyunları keçirilib.
Pley-off mərhələsi: Maraqlı oyunlar və favoritlərin qələbəsi (FOTO)

Bakı. Trend:

Həftəsonu ABL yaz kuboku 2017/18 turnirində pley-off mərhələsinin oyunları keçirilib.

Trend-in məlumatına görə, şənbə günü keçirilməli olan səkkiz oyundan beşi baş tutmayıb. Buna səbəb komandaların müxtəlif səbəblərdən oyunlara gəlməməsi olub. “Kapital Bank” və “Silk Way Group” ümumiyyətlə bundan sonra turnirdə iştirakdan imtina ediblər, “ATL Tech”, “Gənclər və İdman Nazirliyi”, “Pullman Baku” komandaları isə müxtəlif səbəblərdən oyunlara gəlməyiblər. Beləliklə, qeydə alınan texniki məğlubiyyətlərə əsasən oyunların nəticələri belə olub:

“Silk Way Group”-“Port of Baku” 0-3

“Buta Palace”-“ATL Tech” 3-0

“Kapital Bank”-“R.İ.S.K. Company” 0-3

“İteca Caspian LLC”- “Gənclər və İdman Nazirliyi” 3-0

“Smart Systems Technology”-“Pullman Baku” 3-0.

Bu isə o deməkdir ki, “Port of Baku” və “R.İ.S.K. Company” komandaları Kubokdakı ilk qələbələrini matçları oynamadan qazanıblar.

Prestij xalları uğrunda digər üç matçda isə maraqlı məqamlar qeydə alınıb.

“KATV1” turnirdə zəif çıxış edən “GESCO”nu 25-0 hesabı ilə məğlub edib. Bundan başqa Ələsgər Ələsgərov dörd, Hikmət Ələsgərov üç, Ceyhun Hüseynli və Xaliq Hüseynov isə hərəyə beş qol vurublar. Xaliq Hüseynov həm də doqquz məhsuldar ötürmə ilə meydançanın ən yaxşısı olub. Növbəti mərhələdə 17-24-cü yerlər uğrundakı matçda “KATV1”in rəqibi “TreMiDa Press”i 4-3 hesabı ilə məğlub edən “VTB” olacaq.

“VTB” iki dəfə hesabda geriyə düşsə də sonda “TreMiDa Press”in müqavimətini qırmağa müvəffəq olub və son 5 dəqiqə ərzində vurduğu qollarla 4-3 hesablı qələbə qazanıb.

“Təhsil Nazirliyi”-“Optimal” qarşılaşması da maraqlı mübarizə ilə yadda qalıb. Daha təcrübəli komanda olan “Təhsil Nazirliyi” matçda 5-4 hesabı ilə qələbə qazanıb. “Optimal” isə daha bir məğlubiyyətə baxmayaraq, turnirdəki çıxışına görə alqışlara layiq olduğunu növbəti dəfə sübut edib. Həm turnirə münasibəti, həm də bütün oyunlarda son dəqiqələrə qədər mübarizə aparması debütant komandanın güclü xarakerə malik olmasının göstəricisidir.

Bazar günü Kubokun baş mükafatı uğrunda mübarizə aparan komandalar meydana çıxıblar. Bu oyun günü maraqlı və gərgin matçlarla yadda qalıb.

“Təmiz şəhər”-Gilan Holding” 3-2. Fasiləyə qolsuz bərabərliklə yollanan komandalar, ikinci hissədə hərəyə bir qol vurublar və oyunun əsas vaxtı 1-1 hesabı ilə heç-heçə yekunlaşıb. Bundan sonra hərəsi 5 dəqiqə olmaqla iki əlavə vaxt oynanılıb. “Təmiz şəhər” əlavə vaxtın hər iki hissəsində qollar vuraraq 3-1 önə keçib və “Gilan Holding” bu qollardan yalnız birinin əvəzini çıxa bilib.

“Azersun”-“City Taxi” 5-2. Oyunda hesabı “City Taxi” açıb və fasiləyə 1-2 hesabı ilə üstün yollanıb. Lakin turnirin favoriti olan “Azersun” ikinci hissədə qolları sıralayaraq ¼ finala adını yazdırıb. Eyyub Əfəndiyev daha iki qol vuraraq bombardirlik yarışı uğrunda rəqibi İlham Babayevə yaxınlaşıb. Beləliklə, Eyyub Əfəndiyev Payız və Yaz kuboklarında keçirdiyi 11 oyunda 49 dəfə rəqib qapılarına yol tapıb.

“Az Logistika”-“TİMSPORT” 5-8. Qrupdan çıxdıqdan sonra qarşılarına Kuboku qazanmaq məqsədi qoyan “Az Logistika” uzun müddət hesabda öndə olub. İki dəfə iki top fərqiylə önə keçən debütant sonradan qapısından 6 top buraxıb. “TİMSPORT”u ¼ finala çıxaran qolları sonradan meydana daxil olan Orxan Hüseynov (3 qol), Nurlan Mehdizadə (2 qol) vurublar.

“Polat Yol”-“Bakcell” 7-2. Qarşılaşma “Polat Yol”un üstünlüyü şəraitində keçib. Oyunu yüksək tempdə keçirən “Polat Yol” böyük hesablı qələbə qazanıb və komandanın əsas qol silahı Nağı Nağıyev het-trik edib.

“Embawood”-“Muğanbank” 3-7. Bu komandalar ötən il Payız Kubokunun 1/8 finalında da qarşılaşmışdılar. Həmin matçda “Muğanbank” rəqibini 7-4 hesabı ilə məğlub etmişdi. Qrupdakı bütün matçlarını qələbə ilə başa vuran “Embawood” bu dəfə rəqibdən revanş almaq niyyətində idi. Buna baxmayaraq, “Embawood” yalnız 29 dəqiqə ərzində rəqibə müqavimət göstərə bilib. Bu ana qədər hesab 2-2 olub və “Embawood” başa-baş oyun oynayıb. Lakin sonradan “Muğanbank” üstünlüyü ələ keçirərək oyunu diqtə edən tərəf olub və rəqibini 5 dəfə meydanın mərkəzinə dəvət edib. “Muğanbank”da qollardan üçünü Vasif Nəsirov vurub.

“Azecolab”-“Universal” 2-8. Payız Kubokunun finalçısı “Azecolab”la Payız Kubokunun bürünc mükafatçı “Universal”ın üz-üzə gəldiyi bu matçda “Azecolab” 6-cı və 7-ci dəqiqələrdə vurduğu qollar sayəsində 2-0 önə keçib. Buraxılan qollar “Universal”ı əməlli başlı hirsləndirib. “Universal” geriyə dönüş edərək oyunu öz xeyrinə çevirib və “Azecolab”ı düz səkkiz dəfə cəzalandırıb. Bu qollardan üçünü turnirdə ilk oyununu keçirən Xətai Bağırov vurub. Beləliklə, turnirin iki güclü komandasının qarşılaşması gözlənilmədən darmadağınla başa çatıb.

“Gate Baku”-“Azərkosmos” 2-1. Son dəqiqə qolu ilə 1/8 finala çıxan “kosmonavtlar” başa-baş mübarizə apardıqları rəqibləri “Gate Baku”ya minimal hesabla məğlub olublar. İlk hissəsi 1-1 hesabı ilə tamamlanan qarşılaşmada “Gate Baku”nun qələbə topunu matçın 33-cü dəqiqəsində turnirin bombardiri İlham Babayev vurub.

“Azergold”-“DDLAR Group” 7-0. Payız Kubokunda 27-ci yeri tutan “Azergold” Yaz Kubokundakı güclü çıxışıyla hər kəsi təəccübləndirməyə davam edib. Yaz Kubokunun bütün oyunlarında qalib gələn “Azergold” 1/8 finalda rəqibi “DDLAR Group”un qapısından 7 cavabsız top keçirib. Meydançanın ən fəal oyunçusu 2 qol və 2 məhsudlar ötürmə ilə Vüsal Nəsirov olub.

Beləliklə, Kubokun baş mükafatı uğrunda yarışacaq 8 komanda qalıb və bu komandalar bu həftə oynanılacaq 4 qarşılaşmada üz-üzə gələcəklər:

“Təmiz Şəhər”-“Azərsun”

“TİMSPORT”-“Polat Yol”

“Muğanbank”-“Universal”

“Gate Baku”-“Azərgold”

¼ finala çıxan 8 komandadan beşi qrupu lider kimi, üçü isə ikinci yerdə bitirib.

Qeyd edək ki, “Muğanbank” və “Universal” keçən il Payız Kubokunun ¼ finalında da qarşılaşıblar və o matçda “Universal” 6-2 hesabı ilə qalib gəlib.

A, C və D qruplarından 1/8 finala vəsiqə qazanan komandaların hamısı məğlub olaraq Kubok uğrunda mübarizədən kənarlaşıblar.

Pley-off mərhələsindən ən maraqlı görüntülər və müsahibələr cümə axşamı günü saat 00:00-da ATV telekanalının efirində yayımlanacaq.
Oyunların nəticələri və statistik göstəriciləri haqqında ətraflı məlumatı Biznes-liqanın rəsmi www.abl.az saytından ala bilərsiniz.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti