...

Fransa gimnastı: 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları mənim karyeramda ən maraqlı yarış idi

İdman Materials 14 Fevral 2019 20:59 (UTC +04:00)
2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları mənim karyeramda ən maraqlı yarışlardan biri idi.
Fransa gimnastı: 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları mənim karyeramda ən maraqlı yarış idi

Bakı. Sara İsrafilbəyova - Trend:

2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları mənim karyeramda ən maraqlı yarışlardan biri idi.

Bunu Trend-ə Fransa gimnastı Sebastien Martini deyib.

Gimnast bildirib: "İndiyə qədər bir çox çətin və maraqlı yarışlar olub. Ancaq ən yaxşısı və ən maraqlısı 2015-ci ildə Bakıda keçiriləcən Avropa Oyunları və 2016-cı ildə Rio-de-Janeyrodakı Olimpiya Oyunları idi"

Daha sonra S.Martini deyib ki, 16-17 fevral tarixlərində Bakıda keçiriləcək batut və tamblinq üzrə Dünya Kubokuna hazırlıq yaxşı gedir:

"Mən və Fransa komandası demək olar ki, yarışa tam hazırdır. Bu Kubok çox mühümdür, çünki 2020-ci il Tokio Olimpiya Oyunları üçün təsnifat xarakterlidir".

Qeyd edək ki, Bakıda fevralın 16-17-də batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışı keçiriləcək.

Turnirdə 31 ölkədən 200-dən artıq gimnastın mübarizə aparacağı gözlənilir. 2019 və 2020-ci illərdə Tokio Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 Dünya Kuboku yarışı keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə ev sahibliyi edəcək.

Ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) təşkil olunub. Bu il baş tutacaq yarışa marağın səbəbi isə kubokun təsnifat xarakterli olmasıdır.

Ölkəmizi turnirdə batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz Mixail Malkin təmsil edəcəklər.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti