Bakı. Cani Babayeva - Trend:
Azərbaycan gimnastları Zöhrə Ağamirova, Veronika Qudis və Yelizaveta Luzan Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatında gürzlərlə hərəkətlərdə çıxış ediblər.
Trend-in məlumatına görə, Z.Ağamirova 21.100 xal, V.Qudis 16.500 xal, Y.Luzan isə 16.050 xal yığıb.
Gimnastımız Zöhrə Ağamirova fərdi proqramda gürzlərlə çıxışını uğurla təqdim edib. Təmsilçimizin çıxışı Milli Gimnastika Arenasında böyük coşqu ilə qarşılanıb və hakimlər tərəfindən 20,800 xalla qiymətləndirilib. Gimnastımız hazırda ümumi sıralamada 15-ci pillədə qərarlaşıb.
Azərbaycan millisi Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi çoxnövçülük üzrə komanda hesabında altıncı pilləyə yüksəlib. Millimizin hesabında 147,050 xal var. Komanda hesabına 167,000 xalla İtaliya millisi başçılıq edir. Rusiya komandası 164,800 xalla ikinci, ABŞ isə 163,150 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.