...

Avropa çempionatında Taleh gümüş, Eldənizlə Sənan bürünc medal qazandı

İdman Materials 25 Aprel 2021 05:01 (UTC +04:00)
Avropa çempionatında Taleh gümüş, Eldənizlə Sənan bürünc medal qazandı

Bakı. Trend:

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir. Beşinci yarış günündə 3 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, Eldəniz Əzizli qitə birinciliyinə inamlı qələbəylə start verib. Dünya və Avropa çempionumuz Bolqarıstan güləşçisini elə ilk hissədə məğlubiyyətə uğradıb. 1/4 finalda ən yüngül çəkidə son dünya çempionu Nuqzari Tsurtsumia ilə qarşılaşan həmyerlimiz rəqibinə heç bir şans tanımayaraq yarımfinala yüksəlib. Bu mərhələdə Rusiya güləşçisiylə qarşılaşan Eldəniz hakimlərin müəmmalı qərarları fonunda rəqibinə məğlub olub. Aprelin 24-də alman güləşçiylə 3-cü yer uğrunda mübarizə aparan təcrübəli pəhləvanımız cəmi 1 dəqiqə ərzində rəqibinə tam üstünlüklə qalib gəlib. Beləliklə, Əzizli ardıcıl 3-cü dəfə qitə birinciliyinin bürünc medalını qazanıb. Bu, Eldənizin ümumilikdə 5-ci AÇ medalı olub.

Taleh Məmmədov ilk görüşdə bolqar həmkarına qalib gəlib. 1/4 finalda erməni güləşçiylə prinsipial görüşə çıxan təcrübəli pəhləvanımız xarakter göstərərək son dəqiqədə aldığı 2 xalla adını yarımfinala yazdırıb. Latviya güləşçisinə də gücünü göstərən Taleh karyerasında ilk dəfə Avropa çempionatının finalına yüksəlib. Həlledici görüşdə Rusiya təmsilçisinə məğlub olan Taleh gümüş medalı boynundan asıb.

Sənan Süleymanov 1/8 finalda finlandiyalı rəqibini vaxtından əvvəl üstələyib. 1/4 finalda Türkiyə güləşçisiylə mübarizədə 5:1 öndə olsa da, təşəbbüsü əldən verərək məğlub olub. Rəqib finaladək irəlilədiyi üçün həmyerlimiz aprelin 24-də təsəlliverici görüşə çıxıb. Ermənistan güləşçisini xalçaya çıxmağa peşman edən güləşçimiz 3-cü yer uğrunda mübarizə aparmaq hüququ əldə edib. Son qarşılaşmada Ukrayna idmançısı üzərində inamlı qələbə qazanan Sənan komandamıza ikinci bürünc medal qazandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti