Bakı. Trend:
"AlphaTauri" Formula 1 komandasının pilotu Pyer Qasli Azərbaycan Qran-prisi ərəfəsində nikbin əhval-ruhiyyədədir.
Trend-in məlumatına görə, bu barədə "AlphaTauri"nin mətbuat xidməti bildirib.
Fransalı pilot deyib ki, trasın planlaması komandanın strategiyasına uyğun gələ bilər.
"Ümumilikdə, mən buradakı çıxışımızla bağlı nikbin əhvaldayam. Ötən il biz burada çox yaxşı çıxış etdik, mən üçüncü yeri tutaraq fəxri kürsüyə çıxdım. Bu, komanda üçün əla yürüş oldu", - deyə o bildirib.
Onun komanda yoldaşı Yuki Tsunoda komandanın Bakıda xallar qazana biləcəyinə ümidvar olduğunu bildirib.
"Mənim bu trasda, xüsusən, ikinci sektordan, qədim binaların olduğu yerdən xoşum gəlir. Komanda çox güclü həftəsonu keçirməli və yaxşı nəticə qazanmaq üçün bütün gücünü nümayiş etdirməlidir", - Y.Tsunoda deyib.
(Tərcümə: Orxan Nəbiyev)