Bakı. Trend:
Noyabrın 1-də 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük əməkdaşı Ülvi Hacıyevin xatirəsinə həsr olunmuş gənclər arasında taekvondo üzrə Dövlət Gömrük Komitəsinin birinciliyinin açılış mərasimi keçirilib.
Komitədən Trend-ə bildirilib ki, mərasimdən öncə Dövlət Gömrük
Komitəsinin rəhbərliyi və gömrük əməkdaşları İkinci Şəhidlər
xiyabanına gələrək Ülvi Hacıyevin məzarını ziyarət edib, üzərinə
gül dəstələri düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və
ehtiramlarını bildiriblər.
Tədbirin açılış mərasimində şəhid Ülvi Hacıyevin valideyinləri,
Vətən müharibəsi şəhidlərinin övladları, qazilər, gənclər və idman
naziri Fərid Qayıbov, Dövlət Gömrük Komitəsi sədrinin birinci
müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti
general-leytenantı Şahin Bağırov, Azərbaycan Taekvondo
Federasiyasının vitse-prezidenti Nağı Səfərov və digər rəsmi
şəxslər iştirak ediblər.
İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən
Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və
Dövlət Himni səsləndirilib.
Şahin Bağırov çıxış edərək bildirib ki, Ümummilli lider Heydər
Əliyevin mükəmməl hərbi quruculuq konsepsiyasını uğurla davam
etdirən, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin yenilməz sərkərdəlik qətiyyəti, Milli
Ordumuzun rəşadəti və xalqımızın birliyi sayəsində 44 günlük Vətən
müharibəsində tarixi zəfər qazandıq.
Ölkəmizin bütün gəncləri kimi, xeyli sayda gömrük əməkdaşının da döyüşlərdə iştirak etdiyini, Ülvi Hacıyevin şəhidlik zirvəsinə ucaldığını bildirən Şahin Bağırov toraqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb və açıq birincilikdə iştirak edən bütün idmançılara uğurlar arzulayıb.
Gənclər və idman naziri Fərid Qayıbov Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində
Azərbaycan gəncliyinin əsl qəhrəmanlıq nümunəsi göstərdiyini
bildirib, idmanın gənc nəslin fiziki və mənəvi inkişafındakı
rolundan danışaraq şəhid Ülvi Hacıyevin xatirəsinə həsr edilən bu
yarışın istər gənc idmançıların yetişməsi, istərsə də onların
yüksək mənəvi keyfiyyətlərə yiyələnməsi baxımından əlamətdar hadisə
kimi dəyərləndirib.
Sonra müxtəlif çəki dərəcələrində qalib gələn idmançıların
mükafatlandırma mərasimi keçirilib.
Xatırladaq ki, gənclər arasında taekvondo üzrə Dövlət Gömrük Komitəsinin açıq birinciliyində 21 komandada qızlar və oğlanlardan ibarət 94 idmançı iştirak edib.