Bakı. Trend:
Dekabrın 24-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Çövkən Milli Atüstü oyunu üzrə “Prezident Kuboku” turnirinin üçüncülük uğrunda və final oyunu keçirilib.
Trend-in məlumatına görə, əvvəlcə hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Yarışın əsasnaməsinə uyğun olaraq qrupu 1-ci və 2-ci yerdə başa vuran komandalar – “Polad” və “Sərhədçi Qarabağ” final oyununda qarşı-qarşıya gəliblər. “Polad” komandası 2:1 hesablı qələbə qazanaraq kubokun sahibi olub.
Turnirin bürünc medalını qazanan komanda da bəlli olub. “Buta Qolden” və “Sərhədçi Dilboz” komandaları arasında keçən oyun “Sərhədçi Dilboz” komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Sonda qaliblər xüsusi pul mükafatları, diplomlar, medallar və yarışın qalib komandası isə eyni zamanda kubokla təltif olunublar.
Qeyd edək ki, ümumilikdə 5 komandanın iştirakı ilə təşkil olunan yarışlarda 12 oyun keçirilib. Qrup oyunlarının nəticələrinə əsasən “Polad” komandası 10 xalla 1-ci yer, “Sərhədçi Qarabağ” 8 xalla ikinci, “Buta Qolden” 5 xalla üçüncü, “Sərhədçi Dilbaz” 4 xalla dördüncü və “Köhlən” komandası isə heç bir xalla beşinci yerdə qərarlaşıb.