Bakı. Trend:
“Ocaq Sport” klubunun bədii gimnastika üzrə açıq birinciliyinin iştirakçıları perspektivli çıxışlar nümayiş etdirir.
Bu barədə çərşənbə axşamı Trend-ə "Ocaq Sport" klubunun idarəetmə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Vəfa Bəkərova deyib.
""Ocaq Sport" klubunun ötən il baş tutan 1-ci açıq birinciliyi ilə müqayisə etsək bu dəfə uşaqlar yarışlara daha hazırlıqlı yanaşdılar və daha perspektivli çıxışlar nümayiş etdirirlər. Açıq birincilikdə 12 bölgədən və 6 Bakı klubundan gənc idmançılar iştirak edirlər. Bütünlükdə yarış iştirakçıları 340 nəfər idmançıdan ibarətdir, bu böyük rəqəmdir və bizdə bədii gimnastikanın bu cür aktiv iştirakı çox fərəh vericidir", - o deyib.
Vəfa Bəkərova "Ocaq Sport" klubunun planlarında daha üç açıq birinciliyin təşkilinin yer aldığını, noyabrın sonuna isə beynəlxalq yarışın planlaşdırıldığını əlavə edib.
Qeyd edək ki, 4-5 aprel tarixlərində Bakı Olimpiya İdman Kompleksində “Ocaq Sport” klubunun bədii gimnastika üzrə 2-ci açıq birinciliyi keçirilir.
Birincilikdə gimnastlar fərdi proqramla yanaşı, qrup hərəkətləri proqramı ilə çıxış edirlər.
Yarışlar körpələr (2016-2017-ci il), balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-ci il) yaş kateqoriyaları üzrə keçirilir.