Bakı. Trend:
“Qarabağ” dünənki oyunda azarkeşlərini sevindirdi.
Trend xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynov deyib.
Təcrübəli mütəxəssis UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın “Bayer”lə Bakıdakı oyununu dəyərləndirib.
Hüseynov bildirib ki, Qurban Qurbanovun komandası Bundesliqanın liderinə qarşı layiqli mübarizə aparıb:
“Bayer”in Bakıya gələnədək 34 oyunluq məğlubiyyətsizlik seriyası var idi. “Qarabağ”ın onlarla heç-heçəsi qələbəyə bərabərdir. Almanlardan heç də geri qalmırdıq. Əksinə, onlardan daha üstün idik. Yaxşı epizodlar da yaratdıq. Hesabı artırmaq da olardı.
“Qarabağ” fantastik oyun sərgilədi. Burada meydanda olanların, ehtiyatda oturanların, bir sözlə hər kəsin əməyi var. Heç kimi fərqləndirmək istəmirəm. Bütün komanda, başda Qurban Qurbanov olmaqla möhtəşəm idi”.
59 yaşlı veteran futbolçu Almaniyadakı cavab oyunun gərgin keçəcəyi qənaətindədir:
“Leverkuzendə də yaxşı nəticə əldə etmək olar. Qurban Qurbanovun komandası boşluqlardan həddindən artıq yaxşı istifadə edir. Dünənki oyunda da bunun şahidi olduq. Səfərdə də Xabi Alonsonun yetirmələri hücumda oynayacaq və boşluqlar verəcək. Bundan da “Qarabağ”ın yaxşı istifadə edəcəyinə inanıram”.
Qeyd edək ki, “Bayer” - “Qarabağ” arasında cavab oyunu martın 14-də “Bay Arena”da baş tutacaq.