Bakı. Trend:
Sabah Argentinanın paytaxtı Buenos-Ayresdə dünya futbol tarixinin ən böyük simalarından biri, dünya çempionu Dieqo Armando Maradonanın ölümü ilə bağlı məhkəmə prosesi başlayacaq.
Trend xəbər verir ki, ittihama görə, əfsanəvi futbolçunun ölümündə 7 həkim təqsirləndirilir.
Maradona 2020-ci il noyabrın 25-də Buenos-Ayresdəki fərdi evində dünyasını dəyişib. Həmin dövrdə 60 yaşlı keçmiş hücumçu beyində yaranan trombun əməliyyatından sonra bərpa prosesi keçirdi. Əvvəlcə onun ürəktutmasından vəfat etdiyi bildirilsə də, aparılan araşdırmalar mərhumun ciyərlərində şiş aşkarlanması və həkimlərin səhlənkarlığı ehtimalını gündəmə gətirdi.
Prokurorun sözlərinə görə, həkimlər Maradonaya qarşı səhlənkar davranıb, yanlış müalicə metodları seçib və futbolçunu son günlərində ağır və dözülməz vəziyyətdə taleyin ümidinə buraxıblar. İstintaq zamanı məlum olub ki, gecə növbəsində çalışan tibb bacılarından biri Maradonanı oyatmamaq barədə göstəriş aldığını bildirib.
Uzun müddət davam edən araşdırmalardan sonra yalnız 4,5 ildən sonra həkimlər məhkəmə qarşısına çıxarılır. Prosesin 4 ay ərzində yekunlaşdırılması planlaşdırılır. Əgər ittihamlar sübuta yetirilsə, təqsirləndirilən şəxslər 25 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.