Bakı. Trend:
Beynəlxalq Olimpiya Komitəsi (BOK) qlobal istiləşmənin təsiri fonunda Qış Olimpiya Oyunlarının təxirə salınması və keçirilmə tarixlərinin dəyişdirilməsi imkanlarını araşdırır.
Trend xəbər verir ki, bu barədə “Associated Press” BOK Komissiyasının sədri Karl Ştossun açıqlamasına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Qış Olimpiya Oyunlarının daha erkən — yanvar ayında keçirilməsi variantı da müzakirə olunur.
“Yəqin ki, biz Qış Olimpiya Oyunlarının bir qədər tez, yanvar ayında keçirilməsini də nəzərdən keçirəcəyik. Bu məsələnin Paralimpiya Oyunlarına da təsiri var”, — deyə Karl Ştoss bildirib.
O qeyd edib ki, hazırda 6–15 mart tarixlərində Milan və Kortina d’Ampezzoda keçirilməsi planlaşdırılan Paralimpiya Oyunları çox gec vaxta təsadüf edir, çünki həmin dövrdə hava şəraiti qarın əriməsinə səbəb ola bilər. Bu baxımdan, əsas Olimpiya Oyunlarının yanvar ayında, Paralimpiya Oyunlarının isə fevral ayında keçirilməsini nəzərdə tutan alternativ plan müzakirə edilir.
Xatırladaq ki, Qış Olimpiya Oyunlarının 6–22 fevral tarixlərində İtaliyanın Milan və Kortina d’Ampezzo şəhərlərində keçirilməsi planlaşdırılırdı.
