Bakı. Trend:
Əmək haqqının kartlar vasitəsilə avtomatlaşdırılmış qaydada verilməsi hər bir təşkilatın müasir inkişafını təmin edən layihələrdən biridir. Banklar tərəfindən təqdim olunan müvafiq layihələr, kiçik yaxud böyüklüyündən asılı olmayaraq, hər bir müəssisə üçün münasibdir.
Azər Türk Bank olaraq, "Bu istiqamətdə cəlbedici olan hansı üstünlüklərə maliksiniz” sualını cavablandıran bankın Strateji planlaşdırma və marketinq departamentinin direktoru Leyla Məmmədova bildirib:
- Bu proseslərə yeni qoşulan təşkilatlar da əməkdaşlıq üçün sözsüz ki, ən yaxşı tərəfdaş olacaq bank seçimində haqlıdırlar. Müştəri hər zaman etibarlı bankla işləməyə üstünlük verir. Sual oluna bilər ki, bəs bank vətəndaşa etibarlı olduğunu necə sübut edə bilər? Əlbəttə ki, belə hallarda bir qayda olaraq bankın səhmdarları araşdırılır. Daha sonra bankın hesabatları, göstəriciləri nəzərdən keçirilir və s. Korporativ müştərilərə işçilərinin əmək haqqının rahat və vaxtında ödənilməsi üçün MasterCard və VİSA ödəniş kartlarını təklif edən Azər Türk Bank bildiyiniz kimi, dövlət bankıdır. Yəni səhmlərinin 75 faizi dövlətə məxsusdur. Ötən ili 7 milyon 400 min manat xalis mənfəətlə başa vuran bankımızın kart müştərilərinin sayı, ötən ilin müvafiq dövrünə nisbətdə 54 faiz, kartla əməliyyatların dövriyyəsi 135 faiz artıb. Bütün bunlar bankımızın etibarlılıq əmsalının çox yüksək olduğundan xəbər verir.
L.Məmmədova əmək haqlarının Azər Türk Bankın plastik kartları vasitəsilə verilməsinin üstünlüklərindən danışarkən xüsusilə qeyd etmişdir ki, müştərilərimiz 07 fevral 2017-ci il tarixdən etibarən əmək haqqı kartları ilə ölkə ərazisində istənilən bankın bankomatından əmək haqqını çəkdiyi zaman heç bir komissiya tutulmur.
“Əmək haqqı müştərilərimiz elektron və mobil banking xidmətlərinə qoşulmaqla, bu xidmətlərin məziyyətlərindən faydalana bilərlər. Bank korporativ müştərilərinə, eləcə də əmək haqqı kartı sahiblərinə sərfəli şərtlərlə kreditlər təklif edir. Müştərilərə şənbə-bazar günləri də xidmət edən şöbələrimiz vardır,”- deyə o bildirib.