Bakı. Trend:
3 əmlaka 11 elektron sifarişin verildiyi hərracda qalib şəxslərdən biri evindən onlayn qatılan sifarişçi olub.
Bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.
Dövlət Komitəsin tərəfindən dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və hərraclara internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları investorların hərraclarda iştirakını daha da sadələşdirib. Bu isə hərraclara qatılan sərmayəçilərin sayında artıma səbəb olur.
Dövlət Komitəsi tərəfindən bu gün keçirilən hərracda qeyri-yaşayış sahələri və nəqliyyat vasitələrinin əksəriyyətinin rəqabətli olması buna əyani sübutdur. Eyni zamanda, investorların hərraclara onlayn şəkildə qatılmaq imkanları artıq öz nəticəsini verib. Bu dəfəki hərracda qalib şəxslərdən biri onlayn şəkildə qatılan sifarişçi olub.
Özəlləşdirilən əmlaklar Bakı şəhərində yerləşir. Hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtın Xətai, Suraxanı, Nərimanov rayonlarında yerləşir. Qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi isə 17-55 kv.m arasında dəyişir. Paytaxtın Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsi əlverişli obyekt olmaqla investorları özünə cəlb edib. Adı çəkilən obyektin özəlləşdirilməsi ilə bağlı 2 sifariş verilib. Bu zaman isə investorlar tərəfindən əmlaka edilən təkliflər ard-arda səsləndirilib. Əmlakın ilkin start qiyməti 7 min 500 manat olduğu halda, ən son 12 min 200 manata özəlləşdirilib. Obyektin ümumi faydalı sahəsi 50 kv.m-ə yaxındır. Bu qeyri-yaşayış sahəsi üzrə hərracın rəqabətli olması əmlakın həm münasib qiymətindən, həm də gəlir gətirmə potensialının yüksək olmasından xəbər verir. Obyekt investor üçün xidmət, iaşə sahəsində yaxşı qazanc gətirə bilər.
Qeyri-yaşayış sahəsi üzrə keçirilən hərraclarda yaşanan tendensiya nəqliyyat vasitələrində də müşahidə edilib. Hərraca çıxarılan avtomobillərə edilən təkliflərin çoxluğu prosesi daha da rəqabətli edib. Özəlləşdirilməyə çıxarılan Toyota Land Cruiser GX markalı avtomobilə 4 sifariş verilib. Nəqliyyat vasitəsinin ilkin start qiyməti 9 min 500 manat olmasına baxmayaraq, 13 min 545 manata sahibini tapıb. Qalib evindən internet vasitəsilə onlayn qatılan sifarişçi olub. Rəqabətli olması ilə seçilən daha bir nəqliyyat vasitəsi Nissan Sunny olub. Nəqliyyat vasitəsinə 5 sifariş verilib. İlkin start qiyməti 2 min manata olan Nissan Sunny ən son 3 min manata özəlləşdirilib. Qeyd edilməlidir ki, hər iki avtomobilin buraxılış tarixi 2001-ci ildir.
Hərracda özəlləşməyə çıxarılan əmlaklara sifarişlər elektron qaydada verilib. Dövlət Komitəsi bütün sahələrdə olduğu kimi özəlləşmədə də elektron xidmətlərin sferasını genişləndirir. Komitənin 32 elektron xidmətindən 8-i özəlləşmə sahəsinə aiddir. Hərraclara sifariş vermək, iştirakçı statusu qazanmaq elektron qaydada həyata keçirilir. Nəticədə isə geniş investor kütləsinin cəlb edilməsinə şərait yaranır. Bu da əmlaka verilən sifarişin sayının çox olmasında özünü büruzə verir. Komitə tərəfindən elektron hərrac xidməti də istifadəyə verilib. Xidmət vasitəsilə nəqliyyat vasitələrinin özəlləşdirilməsi elektron müstəviyə keçib. Mühüm yeniliklərdən biri vətəndaşların keçirilən hərracları olduqları yeri tərk etmədən internet vasitəsilə onlayn qaydada canlı izləmək imkanlarıdır.
Bugünkü hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 60 kv.m-ə yaxın olub.