Bakı. Trend:
M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin (124-164 km) əsaslı təmir olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, təmir-tikinti işləri yüksək keyfiyyətlə davam etdirilir.
Yolun uzunluğu 40 km, eni isə 13 metrdir. Bura hər iki istiqamət üzrə 2 metr enində çiyinlər və genişləndirildikdən sonra 9 metr enində hərəkət hissə daxildir. Yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yolun yararsız quruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır, yeni yol yatağı inşa olunur. Bu işlər artıq 20 km-lik ərazidə yekunlaşdırılıb.
Yol yatağının və yol əsası hazır olan hissələrdə artıq asfaltlanma işlərinə də başlanılıb və 7 km-lik hissəyə yeni asfalt-beton örtük döşənib. Ümumilikdə isə, yolun 350 min m2-dən çox sahəsinə 3 qat olmaqla 20 sm qalınlığında yeni asfalt-beton örütüyü döşənəcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol boyu mövcud olan 5 avtomobil körpüsünün əsaslı şəkildə təmiri nəzərdə tutulub ki, artıq 1 körpüdə bu işlər yekunlaşıb, 1-də isə yekunlaşmaq üzrədir. Əsaslı şəkldə təmir olunmuş körpü Zaqatala şəhərində, Tala çayı üzərində yerləşir. Körpünün uzunluğu 132 metr təşkil edir, eni isə genişləndirilərək 9 m-dən 12 m-ə çatdırılıb. Yol ötürücüsündə əlavə bərkitmə işləri aparılıb, yeni piyada səkiləri inşa olunub və mühəccərlər quraşdırılıb. Təmiri yekunlaşmaq üzrə olan 12 metr uzunluğa malik körpü isə Balakən rayonu ərazisindən keçən Humbul çayı üzərində yerləşir. Anoloji bərpa və henişləndirmə işləri burda da aparılır. Burda körpünün eni 9 m-dən 11 m-ə çatdırılıb. Sözügedən körpüdə işlər yekunlaşan kimi Mazımçay, Katexçay və Balakənçay üzərində yerləşən körpülərin də əsaslı şəkildə təmiri nəzərdə tutulub.
Yolun altından suların ötürülməsi üçün 68 ədəd müxtəlif ölçülü dəmir-beton borularda artıq 54-nün təmir-tikintisi həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir. Bütün işlər texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçü əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Əsaslı təmir işləri tamamilə başa çatdıqdan sonra yola məlumatverici lövhələr və yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılacaq, həmçinin 70 avtobus dayanacağı quraşdırılacaq.
Qeyd edək ki, əsaslı təmir olunan Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun (M5) tərkib hissəsinə aid olan Zaqatala-Balakən-Mazımçay hissəsi 100.7 min nəfər əhalinin yaşadığı 2 rayonun inzibati ərazisindən keçməklə 16 yaşayış məntəqəsini birləşdirir. Əsaslı təmir işləri yol boyu yaşayan əhali ilə yanaşı yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan, həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq.