Bakı. Trend:
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında tikinti işləri və liman ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması işləri davam etdirilir.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə nazirliyin ötən ildəki fəaliyyəti ilə bağlı geniş kollegiya iclasında nazir Şahin Mustafayev deyib.
Nazir bildirib ki, hazırda limanda tikinti işləri sürətlə davam etdirilir və bu işlər liman kompleksinin bütün seqmentlərini əhatə edir:
"Tikinti işlərinə 1500-dək işçi qüvvəsi və 300-ə yaxın müxtəlif təyinatlı inşaat texnikası cəlb olunub. Bu ilin yanvar ayının əvvəlində dövlət başçısının iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı olub. İldə 60 minə yaxın TIR və ya 1,8 milyon ton yük qəbul etmək gücündə olan terminal müasir texniki tələblərə uyğun tikilib. 2018-ci ilin 1-ci rübün sonunadək limanda 7 ümumi yük körpüsünün tikintisinin, anbarların, yardımçı binaların, digər əlaqəli infrastruktur obyektlərinin quraşdırılmasının başa çatdırılması nəzərdə tutulur".