...

Məhəmməd Zülfüqarlı: “Biz artıq dünyaya göstərə bilərik ki, AZİNNEX bunu bacarır” (FOTO)

İqtisadiyyat Materials 7 May 2018 11:05 (UTC +04:00)
Son dövrlərdə Azərbaycanda innovasiyaların inkişafı ilə bağlı aktiv və səmərəli platforma olaraq yaranmış Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu (AZINNEX) də gündəmdə öz aktiv fəaliyyəti ilə diqqət çəkməkdədir.
Məhəmməd Zülfüqarlı: “Biz artıq dünyaya göstərə bilərik ki, AZİNNEX bunu bacarır” (FOTO)

Bakı. Trend:

Son dövrlərdə Azərbaycanda innovasiyaların inkişafı ilə bağlı aktiv və səmərəli platforma olaraq yaranmış Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu (AZINNEX) də gündəmdə öz aktiv fəaliyyəti ilə diqqət çəkməkdədir.

Trend innovasiyaların inkişafı üzrə xüsusilə seçilən AZINNEX ilə daha yaxından tanış olmaq, onun missiyası, vizyonu və fəaliyyəti barədə öyrənmək üçün Müşahidə Şurasının sədri, Ultra Technologies şirkətinin Biznes Xidmətləri qrupunun rəhbəri Məhəmməd Zülfüqarlının müsahibəsini təqdim edir:

- "Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu" (AZINNEX)-in yaradılması təşəbbüsündən bizə ətraflı danışardınız.

- Ümumiyyətlə, AZINNEX konsorsiumunun yaradılması təşəbbüsü bir qurum olaraq Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), bir şəxs olaraq İnam Kərimovdan gəlmişdir. Bu mövzu ətrafında müzakirələr 2017-ci ildə başlanmışdır. Yerli İKT sahəsinin aparıcı şirkətlərinin rəhbər və nümayəndələri ilə dəfələrlə görüşlər keçirilmiş, bu tipli qurumun yaradılmasına dair hamı ilə fikir mübadiləsi aparılmış və bunun nəticəsi olaraq 2017-ci ilin iyul ayının 7-də Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu yaradılmışdır.

Öz tərəfimdən qeyd etmək istərdim ki, bu, çox zəruri və vaxtında atılan bir addım idi. Azərbaycanın İKT sahəsində fəaliyyət göstərən 10 şirkətini AZINNEX kimi vahid bir quruma cəlb etmək, imkanları toplayıb vahid bir strategiyaya doğru irəliləmək məsuliyyətli və mürəkkəb bir prosesdir. Ayrı-ayrı vaxtlarda, Azinnex missiyalı qurumun yaradılmasına cəhdlər edilsə də, bu cəhdlər kifayət qədər müvəffəqiyyətli olmadıqlarına görə kağız üzərində də qalmışdır.

Bu gün isə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbərliyi altında (ASAN Xidmət və İnnovasiyalar Mərkəzi MMC ilə birgə) ilə yerli İKT şirkətlərilə birlikdə artıq qurumun işlək mexanizmi yaradılmış, Xarici İşlər Nazirliyinin AIDA təşkilatı ilə əməkdaşlıq qurulmuş, zəruri kadrlar cəlb edilmiş, AZINNEX-in ictimaiyyətlə əlaqələri daha da aktivləşmişdir. Beynəlxalq əlaqələr istiqamətində də aktiv işlər həyata keçirilir, müxtəlif ölkələrdən potensial tərəfdaşlarla görüşlər keçirilir, xarici ölkələrə səfərlər edilir və bazar araşdırmaları aparılır.

- Konsorsiumun üzvləri olan şirkətlərin potensialını necə qiymətləndirmək olar?

- Dövlətimizin müstəqilliliyi dövründə şirkətlərimiz kifayət qədər təcrübə yığmış və müxtəlif sahələrdə innovativ həllər tətbiq etmişdir ki, həmin məhsullar bu gün asanlıqla ixrac edilə bilər. Konsorsiuma daxil olan şirkətlərin payı, demək olar ki, yerli İKT bazarının təxminən 90%-ni təşkil edir. Onlar həm dövlət, həm də özəl sektor ilə əməkdaşlıq edirlər.

Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın dövlət sektorunda rəqəmsallaşma ilə bağlı kifayət qədər işlər görülüb. Misal üçün, ədliyyə sektorunda müxtəlif proseslərin avtomatlaşdırılması keçirilib, məhkəmə prosesləri, arxivləşmə, audio-video sistemlərinin qurulması kimi infrastuktur yaradılıb. Vergilər Nazirliyində tətbiq olunan avtomatlaşdırma prosesləri, onlayn sistem və bir sıra mütərəqqi həllər tətbiq edilmışdir. Gömrük sisteminin daxili prosesləri həmçinin, kifayət qədər avtomatlaşdırılıb. Maliyyə, bank sektorunun proseslərinin avtomatlaşdırılmasında böyük işlər görülüb. Bundan əlavə, Azərbaycan təhsil sektorunun E-təhsil layihəsinin icraçıları da Konsorsiumun üzvü olan bir neçə şirkətdir. Təhsil Nazirliyi Data mərkəzinin qurulması, orta və ali təhsilin avtomatlaşdırılması, pilot məktəblərdə valideynlərin sms vasitəsilə bildirişi, elektron jurnalların tətbiqi və s. kimi layihələr həyata keçirilib. Ölkəmizin bir sıra nazirliklərində Elektron sənəd dövriyyəsinin avtomatlaşdırılması bir neçə şirkətimiz tərəfindən aparılıb. Dünyanın 20-dən artıq ölkəsinə ixrac olunmuş və hamımıza qurur hissi yaradan unikal yerli avianaviqasiya proqramı da AZINNEX-in daxilində olan şirkətlərdən birinin məhsuludur.

Bir sözlə, hər bir üzv şirkətimiz müəyyən bir və ya bir neçə sahə üzrə kifayət qədər təcrübə qazanıb. Bu gün hər-hansı bir ölkənin müxtəlif iqtisadi sahələrində avtomatlaşdırma proseslərini həyata keçirmək üçün ilk növbədə ölkədə sabitlik olmalıdır. İnnovativ həllərin tətbiqi üçün zaman, təcrübəli kadrlar, müəyyən vəsait lazımdır. Bu baxımdan biz ciddi uğurlar qazanmış, rəqabət üstünlüyü əldə etmişik. Biz artıq bu yollardan keçmişik.

Misal üçün, ASAN-ın daxilində “bir pəncərə” sistemi özü bir yenilikdir, unikaldır və artıq neçə ildir ki, uğurla fəaliyyət göstərir. Lakin ətrafımızda elə ölkələr var ki, bir çox proseslər hələ də kağız üzərində aparılır. Bu tipli ölkələrə ilk öncə ASAN xidmətin qurulmasına dair konsultasiyanın özü artıq ixraca yönəlmüş bir innovasiyadır. İndiki halda, xarici bazarlara ASAN Xidmət modelinin ixracı və eyni zamanda AZINNEX üzvlərinin outsorsinq formasında xidmət və həlləri bu prosesə cəlb edilir.

- Sizin fikrinizcə, hansı sahələr innovasiyaların tətbiq olunması üçün bu gün daha aktualdır?

- Müasir həyat trendləri onu göstərir ki, biz çox maraqlı keçid dövründə yaşayırıq. Hansı sahə daha aktualdır dedikdə, məncə, bu, iqtisadiyyatımızın bütün sahələridir. O sahələrdə ki, fiziki iş istisna olmaqla, biznes prosesləri indiyə kimi kağız üzərində aparılır və ya tam avtomatlaşdırılmayıb, innovasiyaların tətbiq olunması üçün daha aktualdır. Maraqlı sahələrin biri də ticarətdir. İnternet vasitəsi ilə aparılan alış-veriş proseslərinin dinamikası ildən-ilə artır. Dünya şöhrətli markalar ənənəvi ticarətlə yanaşı, onlayn ticarəti də aktiv tətbiq edirlər.

Yaxın 20 ildə dünya iqtisadiyyatı inanılmaz şəkildə dəyişiləcək. Bütün bu sahələr rəqəmsallaşmaya məcburi formada keçəcəklər. İnnovasiyaların tətbiqi qaçılmazdır. Artıq bunu zaman tələb edir. Məsələn, AZINNEX-in üzvü ola şirkətlər süni intellekt, robotiks, verilənlərin idarə olunması, blokçeyn kimi ən son texnoloji trendləri də öz növbəti addımları üçün diqqət mərkəzində saxlayırlar.

- Hansı ölkələrin bazarları əməkdaşlıq baxımından konsorsiuma daha maraqlıdır?

- Bu suala cavab olaraq qeyd etmək istərdim ki, keyfiyyətli nəticələri əldə etmək üçün müvafiq addımlar atılmalıdır. Əməkdaşlıq baxımından müəyyən bir ölkəni və ya regionu qeyd etmək üçün bir sıra şərtləri nəzərə almaq lazımdır: siyasi şərait, ölkənin iqtisadi vəziyyəti, cəmiyyətin inkişaf səviyyəsi, həmin ölkə ilə mövcud siyasi, ticari əlaqələrimiz və s.

Hazırda ABŞ və Aİ kimi inkişaf etmiş iqtisadiyyatları da əhatə edən ixrac coğrafiyamıza dünyanın 30-dan artıq ölkəsi daxildir. Məhsul və xidmətlərimizi həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrə uğurla ixrac edirik. Məhsul portfelimizdə elə həllər vardır ki, dünyada öz istiqaməti üzrə ən yaxşı modellərdən hesab edilir, qlobal mükafatlara layiq görülmüşdür. Eyni zamanda, “ASAN Xidmət” modeli kimi, bir çox məhsul və xidmətlərimizin ixracı üçün isə inkişaf etməkdə olan, sürətlə böyüyən bazarlarda maraqlıyıq. Çünki, həllərimizin bir çoxuna məhz həmin ölkələrdə real ehtiyac hiss olunur və potensialımızı reallaşdırmaq üçün zəmin yaranır. Yəni, İKT bazarı üçün əməkdaşlıq etdiyimiz ölkə bazarlarını müvafiq kriteriyalara görə prioritetləşdiririk.

Misal üçün, Özbəkistan Respublikasının İKT sahəsinin dinamik inkişafı və dövlət tərəfindən həyata keçirilən müxtəlif proqramlarının Konsorsium şirkətlərinin mövcud həllərinin tətbiqi üçün cəlbedici olduğunu nəzərə alıb, biz AZINNEX olaraq müzakirə edib qərara gəldik ki, Özbəkistanda nümayəndəliyimizi təsis edək. Bu baxımdan Afrikanın, Yaxın Şərqin bəzi sürətlə edən ölkələri də bizim üçün maraqlıdır.

Bu sahədə XİN-in AIDA təşkilatı ilə daha sıx əməkdaşlıq qurmaq zəruridir. Agentlikdə keçirilən görüşlər, konsorsiumla aparılan daxili müzakirələr və düzgün qərarların verilməsi çox vacibdir.

AZINNEX-in Müşahidə Şurasının hazırkı sədri olaraq, mən yaxın 5-6 ayda real ixrac layihəsinin həyata keçirilməsinin marağındayam. İl ərzində 2-3 ixracat layihəsinin reallaşdırılması ciddi bir göstərici kimi qiymətləndirilə bilər. Siyasi baxımdan da bu çox vacibdir. Potensialımız olan sahələrdə biz artıq dünyaya göstərə bilərik ki, AZINNEX bunu bacarır.

- Yerli innovativ məhsullara olan tələbatı necə qiymətləndirirsiniz?

Bununla bağlı qeyd etmək lazımdır ki, biz müəyyən sahələrdə innovativ yeniliklərə yüksək təlabatı hiss edirik. Lakin, eyni zamanda, yerli istehsal olan müxtəlif innovativ həllərin tətbiqində müəyyən problemlər yaşanır. Yerli innovativ həllərə loyallıq, inam, hələ ki, istədiyimiz səviyyədə deyil. Hər hansı bir qurumun və ya biznes sahibinin qarşısına yerli və xarici məhsul (xidmət) seçimi qoyulanda, üstünlük xarici təklifə verilir. Bu bizim zəif yerimizdir və bunu aradan qaldırmaq üçün kompleks şəkildə iş aparılmalıdır. “Made in Azerbaijan” ifadəsi xarici ölkələrdə “keyfiyyət” sözü ilə assosiasiya olunmalıdır. “Azərbaycanda yaradılıb, tətbiq edilib və uğurla istifadə olunur” sözləri dərin inam yaratmalıdır. Biz buna nail olmalıyıq. Soruşsanız necə? Kompleks yanaşma ilə. Bu, milli standartların tətbiqindən tutmuş, proseslərin optimallaşdırılması, lobbiçiliyin aktivləşdirilməsinə kimi çoxşaxəli, ideoloji bir prosesdir. Təbii ki, bu zaman tələb edir.

AZINNEX komandası mütəmadi olaraq xarici ölkə bazarlarını araşdırır, görüşlər keçirir və tələbatı öyrənir. Konsorsium olaraq, ölkəmizin innovasiyalarının lobbiçilik fəaliyyətini də aparırıq ki, Azərbaycanda yaradılmış çox keyfiyyətli, rəqabət qabiliyyətli məhsullarımız var. Məqsədimiz həm də digər ölkələrdə məhsullarımıza inam və tanıtım yaratmaqdır. Bunun üçün üzvlərimizin böyük imkanları, AZINNEX komandasının da güclü potensialı mövcuddur.

- İnnovasiyalardan bəhs edirik, lakin oxuculara innovasiyaların mahiyyətinin nə olduğunu başa düşmək çətindir. Bu haqda nə deyə bilərsiz?

İnnovasiyalar nədir? İnnovasiyalar, məncə, bizim gündəlik həyatımızda istifadə etdiyimiz biznes proseslərini asanlaşdıran texnoloji yeniliklərdir.

Müxtəlif innovativ həllər gündəlik həyatımıza yüksək sürətlə gətirilir. Artıq əminliklə demək olar ki, 5-10 ilə biz tam fərqli bir həyat tərzi sürəcəyik, nəinki bir toxunuş, artıq səs ilə bir çox prosesləri idarə etmək mümkün olacaq.

- AZINNEX-in cari ildəki planlarını açıqlaya bilərsinizmi?

“AZINNEX”in bir brend olaraq tanıdılması ilə bağlı işlər, demək olar ki, yaranan gündən aparılır. Konsorsiumun üzv şirkətləri fəaliyyətlərini daha da aktivləşdirir, yeni məhsullar yaradılır və s. Bunlar hamısı artıq praktik addımlardır və bu işin gözəlliyi ondan ibarətdir ki, biz onu şablonlardan istifadə etmədən, məhz özümüz qururuq. Bu çox maraqlı işdir. Nəticə olaraq biz AZINNEX brendini tanıtdıqdan sonra, növbəti işlərimizi daha asan həyata keçirə bilərik.

AZINNEX Azərbaycanın innovativ məhsullarının lobbiçilik fəaliyyətini də apardığından, AIDA təşkilatının və diplomatik dəstəyin olmasını alqışlayırıq. AZINNEX-in beynəlxalq fəaliyyətinə xarici ölkələrdəki səfirliklərimiz də aktiv dəstək verirlər.

Gələcək planlarla bağlı isə deyə bilərəm ki, ən azından biz, bir konsorsium olaraq, artıq bir ölkə üçün real qərar verdik, növbədə isə minimum bir ölkədə də olmalıdır, innovasiyaların lobbiçik fəaliyyəti sürətlə getməlidir və nəticədə xaricə satılan real layihələr olmalıdır. Bunlar bizim əsas məqsədlərimizdir.

- Azərbaycanda innovasiyaların inkişaf perspektivlərini necə qiymətləndirərdiniz?

- Çox müsbət. Mən hesab edirəm ki, bizim innovasiyalar üzrə mövcud şirkətlərin inkişafına böyük imkanlar var. Çünki hal-hazırda hər bir sahədə keçirilən intensiv avtomatlaşdırma prosesi böyük həcmdə işlərin aparılmasını nəzərdə tutur. Yaxın gələcəkdə yeni-yeni şirkətlər də peyda olacaqlar, olmalıdır da.

Təbii ki, ilk öncə ölkədəki həm siyasi, həm də makroiqtisadi stabillik təmin olunur. Bu işlərin öhdəsindən gəlmək üçün düzgün istiqamət seçmək, düzgün siyasət aparılır. Ölkənin Ali rəhbərliyinin innovasiyaların inkişafına verdiyi dəyər və dəstək çox yüksək səviyyədə hiss olunur. Prezident İlham Əliyev Davos İqtisadi Forumundakı çıxışında innovasiyaların iqtisadiyyatın gələcəyi üçün önəmini xüsusilə vurğulamışdır. Bu inkişaf özünü Qlobal Rəqabətlilik İndeksi, Şəbəkə Hazırlığı İndeksi kimi qlobal reytinqlərdə də əks etdirir. Dövlət dəstəyi bütün sahələrdə özünü göstərir. Həm ölkə başçısının, həm də hökumətin innovativ düşünən güclü komandasının innovasiyaların inkişafında maraqlı olması bizim üçün çox əhəmiyyətlidir və bizim üçün mühüm imkanlar açır. Əminliklə deyə bilərik ki, ölkəmizdə baş verən ciddi müsbət dəyişikliklər AZINNEX olaraq, bizim missiyamızın reallaşacağına inamımızı artırıb və üzərimizdə xüsusi məsuliyyət qoyub ki, təqribən bir illik fəaliyyətimizi daha aktiv şəkildə davam etdirək.

Çünki, innovasiyaların tətbiqi üçün böyük perspektivlər var. Bu sahədə Azərbaycanda görülmüş işlər cəmi 15-20% təşkil edir. Görün nə böyük potensial var! Misal üçün, ölkədə həyata keçirilən Elektron hökümət layihəsi çərçivəsində minlərlə görüləsi işlər var. Bunun üçün həm böyük şirkətlərə, həm yeni şirkətlərə, həm də “startap"lara yer var. Fikrimcə, növbəti 5 ildə yerli İKT bazarı ən azı 15%-dək arta bilər. Çünki hal-hazırda İKT sahəsinin inkişafı bizim ümumi inkişaf səviyyəmizə uyğun deyil. Əsas odur ki, potensialımız var.

Fürsətdən istifadə edib, AZINNEX-ə üzv olmayan innovativ şirkətləri də bu prosesdə yaxından iştirak etməyə dəvət edirik.

- Məhəmməd müəllim, çox sağ olun. Təşəkkür edirik!

Siz sağ olun. Minnətdaram!

Xəbər lenti

Xəbər lenti