...

Bu il 622 sahibkara 100 milyon manatdan artıq güzəştli kredit verilib

İqtisadiyyat Materials 13 İyul 2018 16:36 (UTC +04:00)

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair növbəti işgüzar forumu Quba rayonunun Timiryazev kəndində keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, forumda Quba rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan meyvə-tərəvəz və süd emalı, quru meyvə, tara, pivot suvarma sistemləri, xalça və yun iplik istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru vəzifəsini icra edən Arif Vəliməmmədov çıxış edərək bildirib ki, bu ilin ötən dövrü ərzində 622 sahibkarın ümumi dəyəri 468 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 100,3 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 7000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edilib ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 2600-dən çox sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə ümumilikdə 196,8 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, istixana, intensiv bağçılıq, tingçilik və toxumçuluq, meyvə-tərəvəz emalı, tara, quru meyvə, tikinti materialları istehsalı müəssisələrinin yaradılması layihələri maliyyələşdirilib.

İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 28 sahibkara 3,3 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq və s. sahələrin inkişafına, logistik mərkəzin yaradılmasına yönəldiləcək. Güzəştli kreditlərdən istifadə etməklə bu layihələrin reallaşdırılması hesabına 120-dən çox yeni iş yeri yaradılacaq.

Forum çərçivəsində Qubada güzəştli kredit ayrılmış intensiv bağçılıq təsərrüfatına baxış keçirilib.

Qeyd edək ki, son illər 27 bağçılıq, tingçilik və toxumçuluq təsərrüfatlarının yaradılmasına 55 milyon manat güzəştli kredit verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti