...

“AzerGold” QSC Avstraliyada nüfuzlu beynəlxalq konfransda iştirak edib

İqtisadiyyat Materials 2 Noyabr 2018 13:45 (UTC +04:00)
29 oktyabr – 1 noyabr tarixlərində “AzerGold” QSC Avstraliyada təşkil olunan 5-ci Beynəlxalq Dağ-mədən və Ehtiyatlar Konfransında (International Mining and Resources Conference – IMARC) iştirak edib.
“AzerGold” QSC Avstraliyada nüfuzlu beynəlxalq konfransda iştirak edib

Bakı. Trend:

29 oktyabr – 1 noyabr tarixlərində “AzerGold” QSC Avstraliyada təşkil olunan 5-ci Beynəlxalq Dağ-mədən və Ehtiyatlar Konfransında (International Mining and Resources Conference – IMARC) iştirak edib.

Melburn şəhərində təşkil olunan tədbirdə hər il dünya üzrə dağ-mədən sahəsinin aparıcı şirkətlərinin rəhbərləri, sərmayəçilər, maliyyə qurumları bir araya gəlir.

“AzerGold” QSC-nin nümayəndə heyətinin təşkilatçıların rəsmi dəvəti əsasında baş tutan səfəri çərçivəsində 40-dan çox şirkətlə, o cümlədən “Cargill International Pty Ltd”, “Scania Australia”, “TUMAD Mining”, “EMR Capital” kimi nüfuzlu və tanınmış şirkətlərlə təşkil olunan ikitərəfli görüşlərdə kəşfiyyat, metallurgiya, mədənçilik üzrə ən son texnoloji nailiyyətlər, istehsalatın optimallaşdırılması, yeni texnologiyaların tətbiqi, investisiyaların cəlb edilməsi, əməkdaşlığın qurulması perspektivləri müzakirə edilib. Xarici şirkətlər “AzerGold” QSC-nin qısa müddət ərzində hasilatda və ixracda əldə etdiyi göstəriciləri yüksək qiymətləndirib, əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu vurğulayıblar.

Qeyd edək ki, faydalı qazıntıların hasilatı sahəsində fəaliyyət göstərən şirkət, investor, mütəxəssislər və təşkilatları bir araya toplayan və dağ-mədən sahəsinin kəşfiyyatdan tutmuş investisiyaya qədər bütün aspektlərini əhatə edən Beynəlxalq Dağ-mədən və Ehtiyatlar Konfransında bu il 90-dan çox ölkəni təmsil edən 6 mindən artıq mədənçilik mütəxəssisi, 400-dən artıq investor, 250-dən artıq dağ-mədən şirkəti iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti