...

AZAL-ın prezidenti ABŞ səfiri ilə görüşüb

İqtisadiyyat Materials 22 Aprel 2019 17:48 (UTC +04:00)
AZAL-ın prezidenti Cahangir Əsgərov bazar ertəsi ABŞ-ın Azərbaycandakı səfiri Örli Litzenberqer ilə görüşüb.
AZAL-ın prezidenti ABŞ səfiri ilə görüşüb

Bakı. Trend:

AZAL-ın prezidenti Cahangir Əsgərov bazar ertəsi ABŞ-ın Azərbaycandakı səfiri Örli Litzenberqer ilə görüşüb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında aviasiya sahəsində möhkəm tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə ediblər.

C.Əsgərovun sözlərinə görə, Azərbaycanda müasir nəqliyyat infrastrukturu yaradılmışdır və nəqliyyat, tranzit və logistika sahələrində əməkdaşlığın daha da genişlənməsi üçün böyük potensial mövcuddur.

Xüsusilə, ABŞ-ın ən iri aerokosmik korporasiyası “Boeing” “Azərbaycan Hava Yolları”nın strateji tərəfdaşıdır və AZAL-ın donanmasına müasir "787-8 Dreamliner” də daxil olmaqla bir neçə tipli “Boeing” təyyarələri daxildir.

Bundan başqa, 2016-cı ilin iyun ayından etibarən Azərbaycan və Birləşmiş Ştatlar arasında “Açıq Səma” (Open Skies) sazişi qüvvədədir. Bu saziş sayəsində operatorlara sərnişin və yük aviadaşımaları üzrə daha əlverişli və səmərəli xidmətlər göstərilib.

ABŞ Federal Aviasiya Administrasiyası Azərbaycan mülki aviasiyasının normativ bazasının təkmilləşdirilməsi sayəsində ölkəmiz üçün aviasiya təhlükəsizliyinin ən yüksək səviyyəsi – “A kateqoriyasını” təsdiq etmişdir ki, bu da birbaşa Bakı - Nyu-York -Bakı aviareysini açmağa imkan verib.

“Silk Way” aviaşirkəti 2005-ci ildən etibarən həm ABŞ-ın özəl şirkətləri, həm də dövlət sektoru ilə işgüzar münasibətləri fəal inkişaf etdirir və möhkəmləndirir. “Silk Way” aviaşirkəti ABŞ-ın müvafiq orqanları tərəfindən tanınan və sertifikatlaşdırılan aviadaşıyıcılardan biridir. US TRANSCOM (ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığı) ilə sıx əməkdaşlıq aviaşirkətə İraq və Əfqanıstan da daxil olmaqla, bütün mühüm istiqamətlər üzrə daşınma sifarişlərini yerinə yetirməyə imkan verib.

Səfirin sözlərinə görə, mövcud böyük potensial və yaradılan şərait ölkələrimiz arasında turizmin inkişafında böyük imkanlar açır. “ABŞ və Azərbaycan arasında münasibətləri, xüsusilə AZAL və “Silk Way” aviaşirkəti ilə əməkdaşlığı çox yüksək qiymətləndirirəm və səbirsizliklə turizmin inkişafında tərəqqi gözləyirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti