Bakı. Samir Əli - Trend:
Bakıda Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində ərzaq və kənd təsərrüfatı sahəsində özəl sektorun rolunu əks etdirən seminar işinə başlayıb.
Trend-in məlumatına görə, tədbir Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) texniki və maliyyə dəstəyi ilə təşkil edilib.
Seminarda dövlət müəssisələri, beynəlxalq təşkilatlar, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri daxil olmaqla 150 nəfər iştirak edir.
Seminar, özəl sektor arasında 2030 Dayanıqlı İnkişaf Gündəliyi haqqında məlumatlılığı artırmaq və Azərbaycanda DİM-lərin tətbiq edilməsinin rolu və cəlb edilməsi üzrə dövlət və özəl sektor arasında müzakirəni asanlaşdırmaq məqsədi daşıyır.
İştirakçılar, həmçinin DİM-lərin özəl sektor biznes modellərinə inteqrasiyası və dayanıqlı inkişaf üzrə hesabatla bağlı məlumatları və bölgədəki ən yaxşı təcrübələr, eləcə də iqlim dəyişikliyinə və ölkə tərəfindən milli müəyyən edilmiş töhfələrə xüsusi diqqət yetirməklə ümumi maraq dairələrində milli özəl sektorun iştirakını səfərbər etməyin yollarının müzakirəsi üzrə məlumat mübadiləsi aparacaqlar.
Kənd təsərrüfatı sahəsi Azərbaycanda, xüsusilə kənd yerlərində, iqtisadi artımın və dayanıqlı inkişafın kataliz edilməsində mühüm rol oynayır Bu sahə, neft sənayesi və inşaat sektorundan sonra ölkədə üçüncü ən böyük sektordur. Qida sektoru da həmçinin ümumi istehsalın 32%-ni təmin edən qeyri-neft sənayesinin əhəmiyyətli bir hissəsini tutur.
FAO, ölkədə ərzaq təhlükəsizliyinin artırılmasına səbəb olan dayanıqlı qida və kənd təsərrüfatını təmin etmək, qida və kənd təsərrüfatı istehsalı sistemlərinin məhsuldarlığını artırmaq və kənd təsərrüfatı istehsalını şaxələndirmək istiqamətində Azərbaycan hökumətinin səylərini dəstəkləyir.
Seminar, "Azərbaycanda ərzaq və kənd təsərrüfatında DİM-lərin yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi" layihəsi çərçivəsində təşkil edilib.