...

Azərbaycanla Pakistan arasında nəqliyyat sahəsində əməkdaşlıq müzakirə edilib

İqtisadiyyat Materials 29 Sentyabr 2021 16:17 (UTC +04:00)
Azərbaycanla Pakistan arasında nəqliyyat sahəsində əməkdaşlıq müzakirə edilib

Bakı. Sədrəddin Ağcayev - Trend:

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Azərbaycan Beynəlxalq Avtomobil Daşıycıları Assosiasiyasınıda (ABADA) olub.

Trend xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin dərinləşməsi, əldə olunan razılaşmaların həyata keçirilməsi, nəqliyyat və yükdaşıma sahəsində layihələrin reallaşdırılması məsələləri müzakirə edilib.

Səfir Bilal Hayee ölkəsinin Azərbaycan üzərindən Avropaya yükdaşımalar həyata keçirmək niyyətində olduğunu diqqətə çatdırıb.

B.Hayee Pakistanın "National Logistics Cell" logistika şirkətinin Azərbaycan və Türkiyəyə avtomobil nəqliyyatı ilə yükdaşımalara başladığını deyib. Səfir bildirib ki, ölkəsinin milli logistika şirkəti Beynəlxalq Nəqliyyat Konvensiyası (TIR) çərçivəsində Beynəlxalq Nəqliyyat Birliyinin Pakistan Milli Səlahiyyətli Komitəsi tərəfindən regional nəqliyyat əməliyyatları üçün icazəsi var.

Eyni zamanda, Azərbaycan üzərindən bu xidmətlərinin icra edilməsi üçün münasib şərtlərin olduğu qeyd edilib. B.Hayee ölkəsinin ixrac imkanlarının artırılması üçün bu məsələyə xüsusi önəm verdiyini vurğulayıb.

ABADA-nın İdarə Heyətinin sədri Azərbaycan və Pakistan xalqları və dövlətləri arasında olan dostluq, qardaşlıq münasibətlərinin iqtisadi sahədə də davam etdiyini vurğulayıb. Sədr Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri, "Bir kəmər, bir yol" iqtisadi inkişaf strategiyasındakı xüsusi rolundan bəhs edib. Eyni zamanda Zəngəzur dəhlizinin regional və beynləxalq yükdaşımalara verəcəyi üstünlüklərdən danışılıb.

Müzakirilər zamanı 2005-ci ildə ölkələrimiz arasında imzalanan "Nəqliyyat sahəsində əməkdaşlıq haqqında" Memorandum barədə də məlumat verilib. ABADA-nın İdarə Heyətinin sədri səfirin daşımaların icrası zamanı sərhəddə tətbiq olunacaq prosedur qaydaları barədə suallarını cavablandırarkən, gələcəkdə "İcazə vərəqə"lərinin mübadiləsi zamanı bu prosedur sayının əhəmiyyətli dərəcədə azalacağını vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir yaxın günlərdə Pakistandan Azərbaycana nümayəndə heyətinin səfər edəcəyini bildirib.

Qeyd edək ki, Pakistana məxsus ilk sınaq yük maşınları oktyabr ayının əvvəlində İrandan keçməklə Azərbaycana daxil olacaq. Bu münasibətlə Bakıda rəsmi tədbir də təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti