...

Bakı metropoliteni qatarların təmir prosesini avtomatlaşdırmağa başlayır (FOTO)

İqtisadiyyat Materials 1 Oktyabr 2021 14:07 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Gələn ildən metro vaqonlarının təmirində mühüm yenilik tətbiq ediləcək.

Trend-in məlumatına görə, bunu cümə günü metronun “Nərimanov” elektrik deposunda qatarların təmiri və xidmətinin avtomatlaşdırılmasında yeni texnologiyaların tətbiqində xüsusi əhəmiyyətli layihə ilə bağlı görülən işlərlə tanışlıq zamanı Bakı Metropoliteninin İstehsalat Texniki şöbəsinin rəisi Namiq Yusubov deyib.

O bildirib ki, yüksək texnologiyaların sürətli inkişafı Bakı metropolitenində daha bir sahədə irimiqyaslı unikal yeniliyin tətbiqinə imkan verib.

Şöbə rəisi qeyd edib ki, metronun “Nərimanov” elektrik deposunda lokomotiv təsərrüfatının avtomatlaşdırılmış təmir, idarəetmə və monitorinqi sistemi qurulur: ""Bakı Metropoliteni" QSC-nin texniki şərtləri əsasında həyata keçirilən layihə üzrə işlər beş mərhələyə bölünüb. Xüsusiyyətinə görə bu mərhələlər ardıcıl və ya bir-birinə paralel aparılır.

Birinci mərhələ üzrə işlər yekunlaşdırılıb. Təmirin avtomatlaşdırılması, ilk növbədə, vaqonların pasportlarının rəqəmsal əsaslara keçirilməsini tələb edir. Bununla hər bir vaqon üzrə əsas məlumatlar elektronlaşdırılıb və avtomatlaşdırılması proqram təminatı zamanı aparılacaq.

İkinci mərhələ müvafiq infrastrukturun qurulmasıdır. Hazırda serverin həcmi müəyyən edilərək qurulur. Elektron şəbəkə yaradılaraq sistemin əlaqəli, ardıcıl və sinxron fəaliyyəti təmin edilib. Bu məqsədlə elektrik deposunda naqilsiz lokal ötürücü şəbəkə qurulub. Bundan savayı, işçi heyətinin elektron cihazlarla təmin edilməsi məsələsi həllini tapıb".

Şöbə rəisi bildirib ki, üçüncü mərhələ vaqonların qaçış məsafələrinin avtomatik hesablanmasını nəzərdə tutur, dördüncü mərhələ isə texniki xidmət və təmir prosesinin avtomatlaşdırılmasından ibarətdir.

Avtomatlaşdırma sayəsində vaqonlar barədə məlumatlardan savayı, bütün mühüm texniki əməliyyatları təqib etmək mümkün olacaq. Ən vacibi, təmirin keyfiyyətini təmin edən proseslər optimallaşacaq. Qatarlarda nasazlıqların, xroniki problemlərin hesabatını aparmaq və daha çevik həll etmək mümkün olacaq. Nəticədə, vaqonlara xidmət, baxış və qulluğun müddətini proqnozlaşdırmaq asanlaşacaq.

Gələcəkdə elektron imza prinsiplərinə uyğun olaraq, qeydiyyat üçün çoxsaylı jurnallar aparılmasına sərf olunan vaxtı minimum həddə endiriləcək və iş vaxtının səmərəli təşkilinə şərait yaranacaq. Sahəyə məsul, nəzarəti təmin edən sahələrin və rəhbər şəxslərin hər birinin elektron jurnallara nəzarəti avtomatlaşdırılacaq. Bu isə təmirin, xidmətin, texniki qulluğun və onların nəticələrini nəzarətdə saxlamağa imkan verəcək. Beləliklə, təmirin keyfiyyətini yüksəltməyə, işçi heyətin məsuliyyətini artırmağa, əmək məhsuldarlığına nail olunacaq.

Layihə Bakı metropoliteni üçün xüsusi əhəmiyyətlidir. Bununla sərnişindaşımada xüsusi rol oynayan qatarlar və xidmət personalı ilə bağlı sistem də optimallaşdırılmaqla avtomatlaşdırılacaq. Nəticə olaraq, təmirin keyfiyyəti, lokomotiv təsərrüfatının idarəetmə səmərəsi və məsuliyyəti mümkün yüksək həddə çatdırılacaq.

Yekun mühüm nəticə, iqtisadi səmərədir. Yenilik gələcəkdə vaqonların təmirinə ayrılan vəsaitin daha səmərəli yönləndirilməsinə, optimal qənaətə nail olmağa imkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti