...

Ermənistan üçün rifahın yolu konstruktiv davranışdan keçir - Ekspert

İqtisadiyyat Materials 30 Oktyabr 2021 14:14 (UTC +04:00)

Bakı. Humay Ağacanova - Trend:

Ermənistan üçün rifahın yolu konstruktiv davranışdan, eyni zamanda bölgədə sülhün bərqərar olmasından keçir.

Bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, 2020-ci ildə Ermənistan iqtisadiyyatı da daxil olmaqla dünyanın bir çox ölkəsinin iqtisadiyyatında yaranmış zərər, iqtisadi kiçilmə tam olaraq bərpa edilməyib. Ermənistanda isə vəziyyət daha acınacaqlıdır:

"Çünki Ermənistan həm də 2020-ci ildə müharibədə ağır məğlubiyyətlə üzləşib. Bu məğlubiyyətdən sonra siyasi sabitlik pozuldu, eyni zamanda Ermənistan cəmiyyətində ümidsizlik yarandı, ölkə kifayət qədər ciddi hərbi xərclərlə üz-üzə qaldı. Hazırkı vəziyyətdə Ermənistan üçün rifahın yolu konstruktiv davranışdan, eyni zamanda bölgədə sülhün bərqərar olmasından keçir. Burada da Ermənsitanın üzərinə ciddi öhdəliklər düşür. Bunlardan biri Azərbaycanın ərazi bütövlüyünün rəsmən tanınması, ikincisi isə üçtərəfli bəyanata uyğun olaraq regionda kommunikasiyaların bərpası istiqamətində mövqe ortaya qoymasıdır. Türkiyə və Azərbaycan kimi əsas və böyük qonşularla iqtisadi-siyasi münasibətləri bərpa etmək Ermənistan üçün yaranmış çox ciddi çağırışlardan biridir.”

Ekspert qeyd edib ki, artıq Ermənistan hökuməti və cəmiyyəti regionda yaranmış reallıqları qavrayır:

“Onlar başa düşür ki, Azərbaycan və Türkiyə ilə iqtisadi münasibətlərin bərpa olunması mövcud iqtisadi blokada kimi problemlərin həllində rol oynayacaq.

Zəngəzur dəhlizi Azərbaycan, Türkiyə və Rusiya üçün əhəmiyyətli olduğundan da çox Ermənistan üçün vacibdir. Dəhliz vasitəsilə ilə Ermənistan kifayət qədər ciddi üstünlüklər əldə edə bilər.

Kommunikasiyaların inkişafı Ermənistanın Türkiyə üzərindən Avropa bazarlarına çıxışı üçün əlverişli şərait yaradacaq.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti