...

Azərbaycanda “Agro Tech” müsabiqəsinin keçirilməsi ölkənin innovativ və texnoloji potensialının qiymətləndirilməsinə imkan verəcək (FOTO/VİDEO)

İqtisadiyyat Materials 10 Mart 2022 18:07 (UTC +04:00)
Azərbaycanda “Agro Tech” müsabiqəsinin keçirilməsi ölkənin innovativ və texnoloji potensialının qiymətləndirilməsinə imkan verəcək (FOTO/VİDEO)

Bakı. Sədrəddin Ağcayev - Trend:

TEKNOFEST Beynəlxalq aviasiya, kosmos və texnologiya festivalı çərçivəsində “Agro Tech” müsabiqəsinin keçirilməsi Azərbaycanın innovativ və texnoloji potensialının, eləcə də xarici texnologiyaların ölkəmizə transferinin qiymətləndirilməsinə imkan verəcək.

Bunu Trend-ə müsahibəsində Kənd Təsərrüfatı Nazirliyi nəzdində Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov deyib.

Onun sözlərinə görə, qlobal iqlim dəyişikliyi kənd təsərrüfatı sektoruna əhəmiyyətli təsir göstərir və bununla paralel olaraq kənd təsərrüfatı məhsullarına tələbat artır. Bununla yanaşı, əkin sahələrinin həcmi azalır. Ona görə də kənd təsərrüfatına innovasiya, texnologiyaların inteqrasiyası bu günün prioritet məsələsidir və bu cür tədbirlərin, müsabiqələrin keçirilməsi təsadüfi deyil.

“Agro Tech” müsabiqəsinə qeydiyyat bir neçə həftə davam edib və artıq başa çatıb. Bu müsabiqəyə ən çox tələbələr, məktəblilər, bu sahənin mütəxəssisləri və şirkətlər maraq göstərib. Qeydiyyat üç kateqoriyaya bölünmüşdü: A (məktəblilər), B (tələbələr), C (mütəxəssislər). Amma “Agro Tech” müsabiqəsində iştirak üçün yalnız B və C kateqoriyaları nəzərdə tutulub. Son məlumatlara əsasən, B kateqoriyasında 53, C kateqoriyasında 37 komanda qeydiyyatdan keçib. Hər komandada 3-6 nəfər iştirak edə bilər”, - deyə Ə.Abbasov bildirib.

Müsabiqə ilə bağlı gözləntilərdən danışn direktor qeyd edib ki, onun keçirilməsi Azərbaycanın innovativ və texnoloji potensialının, eləcə də xarici texnologiyaların ölkəmizə transferinin qiymətləndirilməsinə xidmət edəcək.

“Mərkəzimiz bu müsabiqəni texnologiya və innovasiyaların yaradılıması və kənd təsərrüfatına inteqrasiyası üçün məkan olaraq görür. Təcrübə göstərir ki, bu cür tədbir və müsabiqələrin keçirilməsi bizə elmi və tədqiqat işlərində, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin digər strukturlarında yeni alətləri tətbiq etməyə imkan verib. Öz növbəsində, müsabiqə iştirakçıları öz ideyalarının reallaşdırılmasında və tərəfdaşların axtarışında, eləcə də texnologiya şirkəti və ya startap layihə kimi gələcək fəaliyyətdə maraqlıdır”, - mərkəz direktoru deyib.

Ə.Abbasov vurğulayıb ki, layihələrin gələcək inkişafı üçün müsabiqə qaliblərinə B və C kateqoriyası üzrə hərəsinə 12 min manat olmaqla, ümumilikdə 24 min manat ayrılacaq. Birinci yer üçün altı min mant, ikinci yer üçün dörd min manat, üçüncü yer üçün iki min manat təqdim olunacaq.

O əlavə edib ki, “Agro Tech” müsabiqəsində təqdim ediləcək layihələr gələcəkdə Türkiyədə və digər xarici bazarlarda istifadə oluna bilər.

Xatırladaq ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti