Bakı. Trend:
2021-ci ildə aparılmış nəzarət tədbirləri nəticəsində 80,1 milyon manat maliyyə pozuntuları aşkar edilib.
Trend-in məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatı təqdim edərkən deyib.
O qeyd edib ki, hesabat ilinin İş planı üzrə başa çatdırılmış kənar dövlət maliyyə nəzarət (KDMN) tədbirlərinin nəticələri əsasında qəbul edilmiş Kollegiya qərarlarına əsasən, pul və natura ifadəsində cəmi 35,7 milyon manat məbləğində vəsaitin bərpası ilə bağlı birbaşa tədbirlər müəyyən edilib.
“Həmin məbləğin 30,8 milyon manatının bərpası, o cümlədən 23,9 milyon manatının pul ifadəsində, 6,5 milyon manatının natura ifadəsində bərpası, 0,4 milyon manat məbləğində maliyyələşmənin azaldılması və ya qarşılıqlı hesablaşmaların aparılması təmin edilib. Beləliklə, bərpası ilə bağlı qərar qəbul edilmiş 35,7 milyon manatın 86,0%-nin icrası 2021-ci ildə təmin olunub. Qalan 4,9 milyon manatın bərpası ilə bağlı həyata keçiriləcək tədbirlər cari ildə diqqətdə saxlanılmaqla məlumatlar növbəti il hesabata daxil ediləcək”, - deyə o bildirib.