Bakı. Trend:
İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) ötən ilin yekunlarına dair Ümumi yığıncağı baş tutub.
ABADA-dan Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən İRU-nun prezidenti Radu Dinescu və qurumun baş katibi Umberto de Pretto pandemiya və onun uzunmüddətli təsirləri nəticəsində beynəlxalq avtomobil daşımalarında yaranan çətinliklərin həllində təşkilatın həyata keçirilən tədbirlərdən danışıblar..
Yığıncağda təchizat zəncirlərinin qırılması nəticəsində yükdaşımalarda ciddi problemlər müşahidə edildiyi bildirilib və bu məqsədlə tranzit keçidlərin və daşımaların daha rahat təşkili üçün “e-BYD”, “e-TİR”, “e-CMR” və s., intermodal daşımalar zəncirinin tətbiqinin üzrə işlərin sürətləndirilməsinin vacibliyi qeyd edilib.
Vurğulanıb ki, regionda və dünyada cari reallıqlar baxımından yeni dəhlizlərin işlənməsi vacibdir. Bu baxımdan Hind okeanı hövzəsi ölkələrinin, eləcə də “Şərq-Qərb” marşrutu üzrə Azərbaycan üzərindən Avropaya çıxış daha rentabelli hesab edilib. Hazırda BYD kitabçasının tətbiqi ilə bu istiqamətdə daşımalarda artım müşahidə edilir.
Təşklatın “avtomobil nəqliyyatının elektirkləşdirilməsi barədə”, “yaşıl nəqliyyat” qətnamələrinin qəbulu da müzakirə edilib. 2050-ci ilədək karbon dioksid (CO2) emissiyasının neytrallaşdırılması əsas hədəf kimi müəyyən edilib.
Tədbirdə çıxış edən Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) İdarə Heyətinin sədri Həbib Həsənov deyib ki, hazırda ölkəmiz region üçün nəqliyyat mübadilə mərkəzi rolunu oynayır. Zəngəzur dəhlizinin işə düşməsi ilə Azərbaycan Naxçıvan vasitəsilə Türkiyə ilə Orta Asiya isə Avropa ilə birləşəcək. Onun sözlərinə görə, bütövlükdə Zəngəzur dəhlizi Avrasiyanın mühüm hissəsinin yeni logistik və iqtisadi əsaslarda birləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Həbib Həsənov Zəngəzur dəhlizinin “Şərq-Qərb” nəqliyyat marşrutunun 3 əsas istiqamətindən birinin, orta xəttin ən vacib hissəsini təşkil etdiyini qeyd edib.
ABADA-nın rəhbər deyib ki, ölkə üzrə yük avtonəqliyyat vasitələrinin vahid bazası formalaşdırılıb. Daşıyıcıların assosiasiya ilə əlaqələrini genişləndirmək və çevikliliyi təmin etmək məqsədi ilə assosiasiyanın sosial media hesabları, qaynar xətt və sms xidmətlərindən istifadə yenilənib və genişləndirilib.
ABADA rəhbəri yerli daşıyıcıların ekoloji təmiz nəqliyyat vasitələrinə marağı artırmaq məqsədi ilə bir neçə sosial layihələrin icra edildiyini də bildirib. H.Həsənov ötən illərlə müqayisədə son bir ildə Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin sayında artımın müşahidə edildiyini, bu istiqamətdə assosiasiya olaraq daşıyıcı şirkət rəhbərləri ilə davamlı olaraq maarifləndirmə işinin aparıldığını deyib. Peşəkar sürücü kontingentinin fomralaşdırılması üçünsə ABADA-nın il ərzində 300-ə yaxın sürücünün tədrisə cəlb edildiyi bildirilib.
Yığıncaqda Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) 2021-ci ilin yekunlarına dair hesabatı dinlənilib.