...

Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT ölkələri nazirlərinin Şəhərlər və İqlim Dəyişikliyi ilə bağlı Misirdə iclasında iştirak edib (FOTO)

İqtisadiyyat Materials 18 Noyabr 2022 15:36 (UTC +04:00)
Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT ölkələri nazirlərinin Şəhərlər və İqlim Dəyişikliyi ilə bağlı Misirdə iclasında iştirak edib (FOTO)

Bakı. Trend:

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Misirin Şarm əl-Şeyx şəhərində keçirilən 27-ci Tərəflər Konfransı (“COP27 “27th Conference of Parties) çərçivəsində üzv ölkələrin şəhərsalma və məskunlaşma nazirlərinin “Şəhərlər və İqlim Dəyişikliyi” mövzusunda iclası 17 noyabr tarixində keçirilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Trend-ə bu gün bildirilib ki,Nazirlər İclasında ölkəmizi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Xarici İşlər Nazirliyinin rəsmilərinin daxil olduğu nümayəndə heyəti təmsil edib. “COP27”, Konfransa ev sahibliyi edən Misir Ərəb Respublikasının Mənzil, Kommunal Xidmətlər və Şəhər İcmaları Nazirliyi və BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat) birgə təşkil etdiyi bu iclasın məqsədi iqlim və şəhər icmaları arasında sinerjinin artırılması, iqlim dəyişikliyi və şəhərsalma məsələlərinin kompleks həlli üçün ölkələrdə milli və yerli səviyyələrdə müvafiq tədbirlərin həyata keçirilməsini təşviq etməkdir.

İclas gündəliyinin əsas məsələsi kimi “UN-Habitat” və “COP27” tərəfindən Dayanıqlılıq üçün Yerli Hökumətlər Şəbəkəsinin (ICLI” – “Local Governments for Sustainability”) dəstəyi ilə irəli sürülən “Gələcək Nəsillər üçün Dayanıqlı və Davamlı Şəhərsalma” (SURGe” – “Sustainable Urban Resilience for the Next Generation”) təşəbbüsü təqdim olundu. “SURGe” təşəbbüsü dayanıqlı şəhər sistemlərinə nail olmaq üçün bu sahədə mövcud olan müxtəlif təşəbbüslərin ümumi çərçivəsi qismində irəli sürülüb. Təşəbbüsün məqsədi şəhərlərdə iqlim gündəliyinin icrasının intensivləşdirilməsi, iqlim maliyyələşməsinin artırılması, bu sahədə mövcud potensialın gücləndirilməsi, texnologiya və innovasiyalara yararlanmaq imkanlarının genişləndirilməsi, eləcə də dünyanın şəhər icmaları arasında bərabərliyin təmin olunması kimi kompleks tədbirlərin reallaşdırılmasıdır.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin “UN-Habitat”-ın icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə görüşü keçirilib. Görüş zamanı xanım icraçı direktor Azərbaycan Hökumətinə təşkilatın fəaliyyətinə göstərdiyi hərtərəfli dəstəyə görə minnətdarlığını ifadə etdi, bir sıra istiqamətlər üzrə ölkəmizlə əməkdaşlıq səviyyəsindən mənunluğunu bildirdi. Komitə sədri Anar Quliyev “UN-Habitat”ın fəaliyyətinə dəstəyin davam etdiriləcəyində əmin edərək “SURGe” təşəbbüsünün Azərbaycan üçün yüksək əhəmiyyət kəsb etdiyini və bu təşəbbüsün reallaşdırılmasında ölkəmizin fəal iştirak edəcəyini bildirdi. Görüşdə ölkəmizlə “UN-Habitat” arasında əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən təşkilatın tezliklə Azərbaycanda layihə ofisinin açılması, onun əsas fəaliyyət istiqamətləri, habelə 2023-cü ildə ölkəmizdə 2-ci dəfə keçiriləcək “NUFA2” – Azərbaycan Milli Şəhərsalma Forumu ilə bağlı bir sıra təşkilati məsələlərə dair geniş fikir mübadiləsi aparıldı.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşü baş tutdu. Görüşdə şəhərsalma fəaliyyətində iqlimə mənfi təsirin minimuma endirilməsi üzrə ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparıldı, birgə layihələrin həyata keçirilməsi və müvafiq sahə üzrə perspektiv əməkdaşlıq imkanları müzakirə edildi.

Bununla yanaşı, Azərbaycan nümayəndə heyəti üzvlərinin Misir Ərəb Respublikasının Mənzil, Kommunal Xidmətlər və Şəhər İcmaları Nazirliyinin rəsmiləri ilə də keçirilmiş görüşündə ölkələr arasında şəhərsalma sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarının genişləndirilməsi, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi müzakirə edildi, 2024-cü ildə Misirdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 12-ci sessiyasında (“WUF12”) Azərbaycanın iştirakına dair bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti