Bakı. Trend:
Anglo Asian Mining (AAM) Azərbaycanda 2023-cü il üzrə qiymətli metalların istehsalında artımla bağlı proqnozu yeniləyib.
AAM-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yenilənmiş proqnoz istehsalın 63 faizdən 71 faizədək artacağını nəzərdə tutur.
"Bu il qiymətli metalların 50-54 min unsiya qızıl ekvivalenti səviyyəsində istehsal olunacağını gözləyirik. Bundan başqa, 4,1 - 4,3 min ton mis və 30-32 min unsiya qızıl istehsalını proqnozlaşdırırıq. Cari il bizim üçün həlledicidir, belə ki, yeni "Gilar" və "Zəfər" mədənlərinin açılması ilə böyük miqdarda mis istehsalına keçəcəyik. Bu artım 63 faizdən 71 faizədək olacaq. Lakin qızıl istehsalının 26-30 faiz azalacağını gözləyirik. Bu, şirkətimizin dekarbonizasiya üzrə qlobal gündəmdən yararlanaraq getdikcə misə daha çox diqqət yetirməsi ilə şərtlənib", - AAM-dan deyiblər.
Daha əvvəl deyildiyi kimi, 2023-cü ildə üç milyon dollar dəyərində investisiya nəticəsində flotasiya qurğusunun gücü ikiqat artırılacaq.
"2023-cü ildə Gədəbəydə zəngin mis yatağından flotasiya qurğusu üçün xammal qismində istifadə olunacaq. 2023-cü ilin dördüncü rübündən "Gilar" yatağında qızıl emalına başlamağı planlaşdırırıq. Bundan başqa, Vejnəli və Qoşa yataqlarında minimal kəmiyyətdə filiz emal ediləcək. Yaxın keçmişdə "Gilar" yatağının işə salınmasının sürətləndirilməsi haqqında qərar bu iki layihədəki resursların təkrar bölgüsünü tələb edirdi", - şirkətdən bildiriblər.