Bakı. Trend:
“Dövlətin, cəmiyyətin və vətəndaşların maraqları baxımından vacib hesab edilən məsələlərin həlli məqsədilə yaradılan kritik informasiya kibertəhlükəsizliyinə prioritet məsələ kimi baxılması zəruridir. Bu baxımdan bu sahənin ciddi şəkildə qorunmasına ehtiyac var.”
Milli Məclisin deputatı Könül Nurullayeva “İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun
layihəsinə təklif olunan dəyişikliklərə münasibət bildirərkən belə
deyib. Bildirib ki, informasiya cəmiyyətinin inkişaf etdirilməsi
Azərbaycanda həyata keçirilən ümumi inkişaf strategiyasının tərkib
hissəsidir. Bu gün dünya sürətlə rəqəmsallaşmaqdadır və artıq
rəqəmsallaşma iqtisadiyyatda baş verən meqatrend hesab olunur.
Çünki rəqəmsallaşma olmadan iqtisadi inkişafa nail olmaq
qeyri-mümkündür. Belə bir şəraitdə bizi ən çox narahat edən
məsələlərdən biri rəqəmsallaşmanın yaratdığı ciddi təhlükələrdir.
Deputat hesab edir ki,
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında” Qanun layihəsinə təklif olunan dəyişikliklər də məhz
informasiya sahəsində və telekommunikasiya sistemində vəziyyəti
daha yaxşı tənzimləmək məqsədi daşıyır: “Qanuna təklif olunan
dəyişikliklər ölkənin kiber mühitinin inkişafı və dayanıqlılığında,
milli maraqların qorunmasında mühüm rol oynayacaq. Bu baxımdan
layihə ölkənin iqtisadi təhlükəsizliyinin qorunması baxımından
mühüm əhəmiyyətə malikdir.”
K.Nurullayeva bildirib ki, kritik informasiya infrastruktur obyektlərinin siyahısının müəyyən edilməsinin Qanunda əksini tapması Nazirlər Kabineti tərəfindən kritik informasiya infrastruktur obyektlərinin meyarlarının müəyyən edilməsindəki çətinliklərin qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq. Eyni zamanda kibertəhlükəsizlik xidməti provayderinin işçi heyəti, texnoloji resursları və proseslərinə dair tələblərlə yanaşı, provayderin özünə dair tələblərin də Nazirlər Kabineti tərəfindən müəyyən edilməsinin qeyd olunması və Qanuna edilmiş təkmilləşdirmə xarakterli digər dəyişikliklər sözügedən Qanunun tətbiqindəki problemləri aradan qaldıracaq.
“Layihədə həmçinin, kritik informasiya infrastrukturu
subyektlərinə xidmət göstərən kibertəhlükəsizlik xidməti
provayderinin təsisçisinin, onun səlahiyyətli nümayəndəsinin, eləcə
də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi
üzrə fəaliyyətinə rəhbərlik edən şəxsin və bu fəaliyyətə cəlb
edilmiş digər əməkdaşların Azərbaycan Respublikasının vətəndaşı
olmaqları ilə bağlı tələb nəzərdə tutulur ki, bu da dövlətimizin
təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm addım kimi
qiymətləndirilməlidir.
Ümumilikdə bu dəyişikliklərin qəbul edilməsi ilə sözügedən Qanunun
bütövlükdə iqtisadiyyatımızın inkişafında öz rolunu oynayacağına
ümid edirik”, - deyə deputat bildirib.