Bakı. Trend:
Hesablama Palatası ötən il dövlət qurumlarında aşkar olunan əsas nöqsanları açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatda qeyd edilir.
Hesabat ilində 26 uyğunluq auditində büdcə qanunvericiliyinin pozulması hallarına rast gəlinib. Büdcə qanunvericiliyinin pozulması üzrə daha çox rast gəlinən nöqsanlar kimi “Büdcə sistemi haqqında”, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunlarının, Əmək Məcəlləsinin tələblərinin pozulmasını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ayrı-ayrı istiqamətlərdə müəyyən etdiyi xərc normativlərinə və prosedurlara əməl olunmamasını göstərmək olar.
Uyğunluq auditlərinin nəticələrinin təhlili 22 auditdə büdcə vəsaitlərinin idarəedilməsi istiqamətində nöqsanların aşkar edildiyini və yaranan nöqsanların əhəmiyyətli hissəsinin qurumlar tərəfindən proqnozlaşdırma və planlaşdırma işinə lazımi diqqətin ayrılmaması ilə bağlı olduğunu göstərir. Xarakterik nöqsan və uyğunsuzluqlar kimi dövlət vəsaitinə tələbatın düzgün müəyyənləşdirilməməsini, əvvəlki illərlə müqayisədə büdcənin əsassız artımlarla tərtib edilməsini, il ərzində dəfələrlə və çoxistiqamətli dəyişikliklərin aparılmasını, dövlət subsidiyalarına tələbatın düzgün hesablanmamasını, xərclərin funksional və iqtisadi təsnifatın müvafiq xərc istiqamətlərində düzgün proqnozlaşdırılmamasını, xərclər smetasında nəzərdə tutulmayan xərclərin maliyyələşdirilməsini, “COVİD-19”-la mübarizəyə ayrılmış vəsaitin digər məqsədlərə yönəldilməsini, ilin sonunda xəzinə hesablarında qalan vəsaitin büdcəyə qaytarılmaması üçün üçtərəfli müqavilə bağlanmaqla banklarda açılan akkreditiv hesablara yönəldilməsini, büdcə vəsaitinin bank hesablarında istifadəsiz saxlanılmasını, yığım və digər daxilolmaların dövlət büdcəsinin gəlirlərinə aid edilməməsini, vəzifə və funksiyalara aid olan işlərin yerinə yetirilməsinin kənar şəxslərə sifariş olunmasını qeyd etmək olar.
Qeyd edək ki, bu gün Milli Məclisdə Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabata baxılır. Məsələ Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.